Minilliklər boyu bu tarixi zəfər bizimlə olacaq - Deputat
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təmin edilməsi, regionda sabitliyin bərpası məqsədi daşıyırdı. Nəticədə qanunsuz erməni silahlı qruplaşmaları zərərsizləşdirilib, Xankəndi və digər strateji əhəmiyyətli ərazilərdə nəzarət bərpa olunub. Rəsmi mənbələrin məlumatına görə, əməliyyat zamanı mülki əhaliyə zərər dəyməməsi üçün xüsusi diqqət göstərilib və bütün tədbirlər beynəlxalq humanitar norma və prinsiplərə uyğun şəkildə həyata keçirilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: “Biz 44 günlük müharibədə tarixi zəfər qazandıq. Əgər bu zəfər böyük bir müjdə həlqəsi idisə, 3 il ondan sonra, 2023-cü il sentyabr ayının 19-20-də həyata keçirilən lokal anti-teror tədbirləri nəticəsində Qarabağın ermənilərdən təmizlənməsi bu zəfərin, bu həlqənin tacına, qaşına çevrildi. Çünki biz Çar Rusiyasının Azərbaycanı parçalama siyasətinin nəticəsi olaraq 200 ildir ki, ermənilərin Azərbaycan topraqlarında yaşamasına dözürdük və həmişə də məhz bu səbəbdən terrorçuluğa, separatizmə məruz qalırdıq. Belə bir qərarın alınması müzəffər Ali Baş Komandanım İlham Əliyev tərəfindən tarixi bir qərar idi. Məsələ burasındadır ki, ermənilər o qədər xain idilər ki, onlar düşünürdülər ki, əsla Azərbaycan ordusu belə bir əməliyyat keçirə bilməz. Çünki, onların sahibləri, himayədarları var. Onlara əsla izin verməzlər ki, 200 ildə formalaşmış bu süni gerçəklik, real gerçəkliyə çevrilsin. Ancaq, Azərbaycan Prezidentinin siyasi müdürüklüyü, uzaqgörənliyi, qətiyyəti, Azərbaycan ordusunun şücayəti bu əməliyyatı keçirməyi imkan verdi və tək ermənilər deyil, onların himayədarları da faktla üz-üzə qaldılar. Bu reallıq, bu fakt isə tarixi ədalətin, Azərbaycan xalqının milli iradəsinin təntənəsi idi və zəfərimizin başı tacı idi”.
Deputat bildirib ki, biz bir neçə tarixi hadisəni 5 il ərzində birlikdə yaşadıq: “Bunlardan biri topraqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərp olunması idi. İkincisi, tarixi müstəvidə və döyüş meydanında əldə etdiyimiz zəfərin diplomatik müstəvidə 2025-ci il, avqust ayının 8-də ABŞ-da rəsmiləşdirilməsi idi. Ona görə də minilliklər boyu Azərbaycan dövlətçiliyi yaşadıqca, bu tarixi zəfər bizimlə olacaqdır. Bu zəfəri dövlətçilik tariximizə, hərbi-siyasi tariximizə yazan Ali Baş Komandan və onun müzəffər ordusunu heç bir zaman milli yaddaşımız unutmayacaqdır”.
Zeynəb Xuduyeva
17:32 05.11.2025
Oxunuş sayı: 2451