Ermənistanda Azərbaycana qarşı yumşalma siyasəti yürüdülür - Ekspert rəyi
Azərbaycan dili hazırda Ermənistanın 3 məktəbində tədris olunur. Ermənistan mediasına istinadən verilən məlumata görə, bunu təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib. Onun sözlərinə görə, Ermənistanda Azərbaycan dilinin öyrənilməsi hökumətin regional dillərin yayılmasının təşviqinə dair proqramı çərçivəsində həyata keçirilir. Ermənistanla sülh sazişi imzalanana qədər bu formatı qorumaqda məqsədi nədir?
Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Crossmedia.az-a açıqlama verib. O bildirib ki, burada iki məqsəd var: ‘’Birinci məqsəd, son dövrlərdə Azərbaycanın apardığı siyasət və “Dəmir yumruq”un təsiri nəticəsində, Ermənistanda Azərbaycana qarşı yumşalma siyasətinin formalaşdığı mesajını vermək istəməsidir. Yəni guya gələcəkdə əlaqələr qurulacaq, münasibətlər yaranacaq və bu səbəbdən də qonşu dövlətin dilini bilmək vacib sayılır. Azərbaycan artıq Qafqaz regionunda, ümumiyyətlə, dünyada böyük iqtisadi və siyasi nüfuza malik bir dövlətdir. Bu, danılmaz faktdır. Ermənilər bu addımı atmaqla sanki ilk addımı atırmış kimi görünmək istəyirlər’’.
Ekspert vurğulayıb ki, eyni zamanda, Paşinyan öz xalqı qarşısında Azərbaycanın adını hallandırmaqla “qonşuluq münasibətləri” anlayışını yaratmaq niyyətindədir: ‘’Məşhur bir ifadə var: “Düşməninin də dilini bilməlisən’’. Azərbaycan onlara dövlətimizin gücünü bütün istiqamətlərdə göstərdi — həm müharibədə, həm də diplomatik və humanitar sahələrdə. Bu baxımdan düşünürəm ki, bu addım Ermənistan cəmiyyətində münasibətlərin müəyyən qədər yumşalmasına xidmət edir. Mənim baxışıma görə, Ermənistan həm ölkə daxilində, həm də xaricdə bu addımı atmaqla belə bir mesaj verməyə çalışır. Bundan başqa, “Zəngəzur–Azərbaycan” anlayışı da burada təsadüfi deyil. Bu, həm də o mənanı daşıyır ki, həmin torpaqlar Azərbaycan torpaqlarıdır və biz ora qayıdacağıq. Gələcəkdə həmin ərazilərdə azərbaycanlı icmanın yenidən yaşaması üçün, gənc erməni nəslinin Azərbaycan dilini bilməsi onlar üçün vacib hesab olunur’’.
Sevinc Yarməmmədova
17:18 05.11.2025
Oxunuş sayı: 1824