Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 2026-cı il seçkilərində namizədliyini irəli sürüb
Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində “Vətəndaş müqaviləsi” (GD) partiyasının proporsional siyahısına daxil olmaq üçün namizədliyini irəli sürdüyünü açıqlayıb. O, bu barədə “Facebook” səhifəsində məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rubinyan paylaşımında iki əsas məqsədinin olduğunu bildirib:
“2026-cı il seçkilərində bizdə uzunmüddətli və dönməz sülhü təmin etmək üçün unikal bir şans var. Elə bir sülh ki, onilliklər boyu sərhədlərimizdə təhlükəsizlik təmin olunsun, oğullarımızın, qardaşlarımızın, atalarımızın və özümüzün həyatı üçün qorxu olmasın. Bu onilliklərdə biz ölkəmizin iqtisadi inkişafına diqqət yetirə bilərik.”
Rubinyan əlavə edib ki, əgər “Vətəndaş müqaviləsi” seçkilərdə qalib gələrsə, bu fürsət reallaşacaq, əks halda itiriləcək.
“Rüşvətçilər və oğrular 2026-cı il seçkilərini hakimiyyətə qayıtmaq və sevdikləri iş – oğurluq və ‘ittifaq arzularını’ həyata keçirmək üçün bir imkan kimi görürlər. Əgər ‘Vətəndaş müqaviləsi’ qalib gələrsə, bu imkan onlara verilməyəcək. Əgər qalib gəlməsə – veriləcək. Seçim sizindir,” – deyə Rubinyan vurğulayıb.
15:55 05.11.2025
Oxunuş sayı: 1242