Mişustin və Si Cinpin Pekində görüşüb
                                            Rusiyanın baş naziri Mixail Mişustin və Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində yüksək səviyyəli görüş keçiriblər. Görüş iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi və siyasi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Məlumata görə, tərəflər görüş zamanı bir sıra mühüm razılaşmalara nail olublar. Bildirilib ki, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı daha da gücləndirəcək, regional və qlobal təhlükəsizlik məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərəcək və xarici təzyiqlərə qarşı birgə cavab verəcəklər.
Rusiya “vahid Çin” prinsipinə sadiqliyini təsdiqləyərək Tayvanın bu ölkənin ayrılmaz hissəsi olduğunu bəyan edib. Çin isə Moskvaya təhlükəsizlik, sabitlik və suverenliyin qorunması istiqamətində səylərinə görə dəstək verəcəyini bildirib.
Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirmək və bu qurumların fəaliyyətinin siyasiləşdirilməsinə qarşı çıxmaq barədə razılığa gəliblər.
Türkan Kərimli
13:58 04.11.2025
Oxunuş sayı: 1891