Türkiyə: Suriya Demokratik Qüvvələrinin hökumətə inteqrasiyası prosesi dayanıb
                                            Türkiyə rəsmiləri hesab edir ki, Suriya Demokratik Qüvvələrinin hökumət strukturlarına inteqrasiyası üzrə real addımlar atılmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə hələlik Suriya Demokratik Qüvvələrinin (PKK/YPG terror təşkilatının bir qolu) Suriya hökumətinə inteqrasiyası istiqamətində konkret addımların atılmadığını bildirir. Qəzet yazır ki, bu prosesə həm daxili, həm də xarici qüvvələr mane olur.
Xatırladaq ki, 10 martda Suriya prezidenti Əhməd əş-Şəraa və SDQ komandanı Mazlum Abdi arasında imzalanmış razılaşmaya əsasən, kürd silahlı qüvvələri ilin sonuna qədər keçid hökumətinin Silahlı Qüvvələrinin tərkibinə daxil edilməli, şimal-şərqdəki hərbi və mülki obyektlər — o cümlədən hava limanları, qaz və neft yataqları — Dəməşqin nəzarətinə keçməli idi.
Lakin “Hürriyet”in yazdığına görə, ilin sonuna az qalmasına baxmayaraq, razılaşmanın icrası istiqamətində hələlik heç bir addım atılmayıb.
Nəşrin analitikləri hesab edir ki, mart razılaşmasının həyata keçirilməsinə ABŞ və Böyük Britaniyadakı müəyyən qüvvələr, İsrail, Suriyada yaşayan druzları istifadə edən İran, eləcə də kürd qüvvələrinin bir hissəsi mane olur.
Ankarada isə hesab edilir ki, SDQ ilk mərhələdə Deyr əz-Zor bölgəsindən qüvvələrini çıxarıb neft və qaz yataqlarının nəzarətini yeni Suriya hökumətinə təhvil verə bilər. Daha sonra SDQ-nin nəzarətində olan şimal-şərqdəki sərhəd-keçid məntəqələri də Dəməşqə təhvil verilə bilər ki, bu da mart razılaşmasının əsas bəndi — kürd qüvvələrinin Suriya ordusuna inteqrasiyasının — həyata keçirilməsini asanlaşdırar.
Türkan Kərimli
13:47 04.11.2025
Oxunuş sayı: 1186