Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatlar Azərbaycanın iqtisadi xəritəsində innovativ mərhələnin başlanğıcı olacaq - Deputat
                                            Azərbaycanın iqtisadi və elmi inkişaf perspektivləri ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında bildirib ki, geoloji kəşfiyyat işləri xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində strateji əhəmiyyət kəsb edir.
Sovet dövründə lazımi səviyyədə tədqiq edilməmiş bu ərazilərdə müasir texnologiyalar, peykdən tədqiqat və zondlama üsulları vasitəsilə aparılan araşdırmalar, təbii resursların, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanmasına imkan yaradır. Prezidentin sözlərinə görə, yaxın aylarda ölkəyə geoloji kəşfiyyat nəticələrinə əsaslanan əhəmiyyətli xəbərlər gələcək ki, bu da həm təbii resursların effektiv istifadəsinə, həm də bölgələrdə yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Milli Məclisin deputatı Rəşad Mahmudov Crossmedia.az-a bildirib ki, Prezident İlham Əliyevin AMEA-nın yubiley yığıncağında səsləndirdiyi bu fikir Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyasının yeni mərhələsinə keçidin xəbərçisidir: "Son illər ölkəmiz təkcə neft və qaz resurslarına deyil, həm də qeyri-enerji sektoruna, xüsusən nadir metallara, filizlərə və digər təbii ehtiyatlara yönəlmiş geoloji araşdırmalara böyük önəm verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu baxımdan strateji əhəmiyyət daşıyır. Burada aparılan geoloji kəşfiyyat işləri yalnız yeni sənaye və mədən ocaqlarının açılmasına deyil, həm də regionun sosial-iqtisadi canlanmasına, infrastrukturun yenilənməsinə və məşğulluğun artmasına səbəb olacaq".
R.Mahmudov əlavə edib ki, bu, həmçinin “yaşıl enerji zonası” konsepsiyası ilə sinxron şəkildə Azərbaycanın iqtisadiyyatında enerji balansının diversifikasiyası, xammaldan yüksək texnologiyalı istehsala keçid və ixrac potensialının genişlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər: "Nəticədə, Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatlar yalnız yeni təbii sərvətlərin kəşfi deyil, həm də Azərbaycanın iqtisadi xəritəsində innovativ, ekoloji dayanıqlı və yüksək əlavə dəyər yaradan yeni mərhələnin başlanğıcı olacaq".
Mehriban Yariyeva
13:29 04.11.2025
Oxunuş sayı: 1762