Məktəbdə "media savadlılığı"nın tədrisi şagirdlərə nə verəcək? - Ekspertlər danışdı
                                            Müasir təhsil məkanında şagirdlərin informasiya və media bacarıqları sürətlə önəmli sahəyə çevrilir. İnternetin və sosial medianın geniş yayılması ilə uşaq və yeniyetmələrin doğru, etibarlı məlumatı seçmək, dezinformasiyadan qorunmaq və kritik düşüncə qabiliyyətini inkişaf etdirmək bacarıqları zəruri olub. Bu baxımdan orta məktəblərdə media savadlılığının ayrıca fənn kimi tədrisi məsələsi aktuallaşır. Müəllimlərin peşəkar hazırlığı və bu sahədəki təcrübələri isə media savadlılığının məktəb proqramlarında effektiv tətbiqi üçün əsas amillərdən hesab olunur.

Məktəbdə "media savadlılığı" dərslərinin keçirilməsi ilə bağlı məsələyə münasibət bildirən BDU-nun Jurnalistika fakültəsinin müəllimi, nəzəriyyəçi Könül Niftəliyeva Crossmedia.az saytına açıqlamasında vurğulayıb ki, təhsilin rəqəmsallaşması Azərbaycanda media savadlılığı sahəsində ciddi irəliləyişə şərait yaradıb: " Son illər Azərbaycanın təhsil sistemində rəqəmsallaşma və informasiya texnologiyalarının geniş tətbiqi bu istiqamətdə irəliləyiş üçün mühüm imkanlar yaradıb. Bu gün məktəblilər informasiyaya çıxış baxımından olduqca aktivdirlər. Onlar sosial mediadan, axtarış sistemlərindən və video platformalardan geniş istifadə edirlər. Lakin bu, hələ media savadlılığı demək deyil. Savadlılıq – informasiyanı tənqidi dəyərləndirmək, faktı fikirdən ayırmaq, manipulyasiyanı tanımaq və etik paylaşım bacarığına malik olmaq deməkdir.
Azərbaycanda media savadlılığı sistematik şəkildə məktəb kurikulumuna daxil edilməyib və müəllimlərin hazırlığı hələ tam deyil. Müəllimlər və valideynlər arasında media savadlılığının rolu barədə maarifləndirmə artırılmalıdır. Məqsəd – şagirdin yalnız oxucu yox, həm də düşünən, sorğu verən və məsuliyyətli informasiya istifadəçisinə çevrilməsidir. Müəllimlər üçün metodik materiallar, dərslik əlavələri və qiymətləndirmə alətləri hazırlanmalıdır. Biz media savadlılığına sadəcə bir dərs kimi yox, müasir vətəndaşlıq bacarığı kimi yanaşmalıyıq. Bu istiqamətdə görülən hər addım həm təhsil, həm də cəmiyyət üçün strateji əhəmiyyət daşıyır".
Nəzəriyyəçinin sözlərinə görə, şagirdlərin hər gün mediadan istifadə etməsi, media məzmununu düzgün dəyərləndirə bilməsi anlamına gəlmir: " Şagirdlərin media ilə gündəlik təmasda olması artıq danılmaz faktdır, amma bu, onları avtomatik olaraq media savadlı etmir. Məktəblilər hər gün onlarla informasiya axını ilə qarşılaşırlar - sosial media paylaşımları, xəbərlər, reklamlar, videolar. Amma əsas məsələ bu informasiyanın necə qəbul edildiyi, necə dəyərləndirildiyi və paylaşımda hansı məsuliyyətin daşıdığıdır. Jurnalistikanın təcrübəsi göstərir ki, faktı yoxlama, mənbəni tanımaq və balansı qoruma bacarığı həm jurnalist, həm də gənc vətəndaş üçün eyni dərəcədə vacibdir. Şagirdlərə fakt yoxlama və mənbə analizi, xəbər strukturu və informasiya təqdimatı, müsahibə və ünsiyyət bacarığı, vizual və rəqəmsal bacarıqlar öyrədilməlidir.
Əgər biz media savadlılığını və jurnalistikanı birləşdirə bilsək, şagirdlər sadəcə xəbər oxuyan deyil, informasiya ilə düşünən və onu analiz edən gənclərə çevriləcəklər. Məktəb qəzetləri, şagird bloqları, video reportajlar və podkast layihələri şagirdlərin həm öz fikrini ifadə etməsinə, həm də tənqidi düşünməyi öyrənməsinə imkan yaradır. Beləliklə, onlar həm yaradıcı, həm də məsuliyyətli informasiya istehsalçılarına çevrilirlər".
K. Niftəliyeva vurğulayıb ki, dezinformasiya ilə mübarizənin ən təsirli və davamlı yolu məktəbdən – media savadlılığının sistemli şəkildə tədrisindən keçir: "Uşaqlar və gənclər sosial şəbəkələrdə, messencerlərdə, video platformalarda çox aktivdirlər. Amma çox vaxt aldandıqlarının fərqinə varmırlar. Dezinformasiya və manipulyasiya ilə mübarizə yalnız texnoloji yox, həm də maarifləndirici prosesdir. Buna görə də media savadlılığı ayrıca fənn kimi tədris olunmalıdır. Əgər bu fənn sistemli şəkildə tədris olunsa, şagird xəbər oxuyarkən avtomatik olaraq “kim deyir? nəyə görə deyir? mənə necə təsir edir?” kimi suallar verməyi öyrənəcək. Bu, manipulyasiyadan qorunmanın ən real üsuludur. Beynəlxalq təcrübə də bunu sübut edir. Finlandiya, Estoniya və Kanada kimi ölkələrdə media savadlılığı ayrıca fənn kimi tədris olunur. Bizim məktəblərdə ilkin mərhələ kimi bunu inteqrativ yanaşma üsulu ilə etmək daha effektiv olar.
Biz informasiyaya nəzarət edə bilmərik, amma uşaqlara informasiyanı necə başa düşməyi öyrədə bilərik. Əgər məktəbdə bu bacarıq formalaşarsa, cəmiyyətin informasiya təhlükəsizliyi də təmin olunacaq ".
Bir sözlə, media savadlılığının məktəblərdə sistemli şəkildə tədrisi gənclərin tənqidi düşüncə, fakt yoxlama və məsuliyyətli informasiya istehlakı bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu istiqamətdə pedaqoji hazırlığın gücləndirilməsi və tədris materiallarının yenilənməsi ölkənin informasiya təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır.

Media savadlılığının ayrıca fənn kimi tədris edilməsi məsələsinə toxunan təhsil eksperti Kamran Əsədov açıqlamasında bugünkü informasiya dövründə gənclərin media bacarıqlarını inkişaf etdirməsinin təhsilin əsas məqsədlərindən biri olduğunu söyləyib : " İlk növbədə qeyd edim ki, informasiya ekosisteminin sürətlə dəyişdiyi müasir dövrdə gənclərin media savadlılığı bacarıqlarının inkişaf etdirilməsi təhsilin əsas prioritetlərindən olmalıdır. Elm və Təhsil Nazirliyinin media savadlılığını tədris proqramına daxil etməyə başlaması kritik düşüncə bacarıqlarının artırılması, dezinformasiyaya qarşı müqavimətin gücləndirilməsi və şagirdlərin analitik fəaliyyətinin sistemləşdirilməsi baxımından müsbət addımdır. PISA 2022 nəticələrinə görə, şagirdlərin yalnız 41%-i təqdim olunan informasiyanı düzgün təhlil edə bilir, bu da media savadlılığı dərslərinin nə qədər vacib olduğunu göstərir.
Hazırda Azərbaycanda media savadlılığı əsasən informasiya texnologiyaları və sosial elmlər fənnlərinin tərkibində qismən blok kimi tədris olunur. Bu tədris metodları şagirdlərin praktiki bacarıqlarının formalaşmasına kifayət etmir. Müəllimlərin 63%-i media savadlılığı üzrə ixtisaslaşmayıb və dərslər əsasən nəzəri biliklərin çatdırılmasına yönəlib. Bu isə dezinformasiyaya qarşı effektiv müqavimətin formalaşmasını çətinləşdirir.
Qanuni baxımdan, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsi təhsilin məqsədini yalnız bilik ötürmək deyil, həm də xalqın mədəni və sosial inkişafını, kritik düşüncə və analitik bacarıqların artırılmasını təmin etmək kimi müəyyən edir. Media savadlılığının müstəqil fənn kimi tədrisi bu məqsədə birbaşa xidmət edir ".
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübə media savadlılığı fənninin tələbələrdə effektiv nəticələr yaratdığını sübut edir: "Dünya təcrübəsi göstərir ki, müstəqil media savadlılığı fənni effektiv nəticələr verir. ABŞ-da və Finlandiyada bu fənn orta məktəblərin kurikulumuna daxil edilib və şagirdlərin sosial şəbəkələrdə etik davranışı, xəbər mənbələrini analiz etmə və dezinformasiyaya qarşı müqaviməti 25–30% artıb. Estoniyada isə 2021–2024-cü illər ərzində media savadlılığı dərslərinin tətbiqi nəticəsində gənclərin kritik düşüncə testlərində orta nəticə 68%-dən 82%-ə yüksəlib. Bu statistika göstərir ki, müstəqil fənn olaraq tədris olunan media savadlılığı, yalnız bilik deyil, həm də şagirdin məlumatı qəbul etmə, emal etmə və paylaşma bacarıqlarını inkişaf etdirir ".
O, bu məsələnin müsbət və mənfi tərəflərini də nümunələrlə izah edib : " Müsbət tərəflərdən biri də müəllimlərin ixtisaslaşmış şəkildə bu sahədə fəaliyyət göstərə bilməsidir. Müstəqil fənn olaraq tətbiq edilərsə, müəllimlər üçün peşəkar inkişaf proqramları və sertifikasiyalar hazırlanacaq, tədris keyfiyyəti artırılacaq. Eyni zamanda şagirdlərə media etikası, dezinformasiya ilə mübarizə, fərdi və sosial məsuliyyət mövzularında daha geniş imkanlar yaradılacaq.
Mənfi tərəflərdən biri müəllim kadrlarının hazır olmamasıdır. Hazırda ölkədə media savadlılığı üzrə 200-dək ixtisaslı müəllim mövcuddur ki, bu da 160 minlik müəllim korpusuna görə çox azdır. Digər çətinlik dərs saatlarının mövcud kurikuluma inteqrasiyasıdır; əlavə saat ayrılması büdcə və resurs tələb edir. Valideyn dəstəyi olmadan isə dərsin təsiri məhdud qalacaq, çünki şagirdlərin media davranışı ev və sosial mühit tərəfindən formalaşır".
O, Elm və Təhsil Nazirliyinin təşəbbüsünün təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasının, gənclərin informasiya mədəniyyətinin artırılması və kritik düşüncənin formalaşdırılması baxımından müsbət addım olduğunu bildirib : " Əgər fənn mərhələli şəkildə müstəqil şəkildə tətbiq olunarsa, 2026-cı ilə qədər şagirdlərin media savadlılığı göstəricisinin 35–40% artması gözlənilir. Bu da həm təhsil keyfiyyətinə, həm də ictimai mühitdə dezinformasiyanın qarşısının alınmasına birbaşa təsir edəcək".
Sonda K.Əsədov müstəqil media savadlılığı dərsinin təhsildə strateji əhəmiyyət daşıdığını və bir sıra inkişafa yol açdığını bildirib : "Hesab edirəm ki, media savadlılığının müstəqil fənn kimi tətbiqi müasir təhsil siyasətində strateji addımdır, şagirdlərin analitik bacarıqlarını artırır, müəllimlərin peşəkarlığını inkişaf etdirir və ölkədə informasiya ekosisteminin sağlamlığını təmin edir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü həm hüquqi, həm sosial, həm də təhsil baxımından uzunmüddətli perspektivdə davamlı nəticələr verəcək".
Nəticə olaraq demək olar ki, orta məktəblərdə media savadlılığının ayrıca fənn kimi tətbiqi şagirdlərin informasiya məkanında düşünərək qərar vermə və kritik analiz bacarıqlarını inkişaf etdirir, təhsil sistemində isə yeni praktiki yanaşmaların tətbiqi üçün zəmin yaradır.
Pərvin Hacıyeva
12:31 04.11.2025
Oxunuş sayı: 2357