Fransa Ermənistana 274 milyon avroluq silah satıb
Ermənistan 2023–2024-cü illərdə Fransa ilə ümumi dəyəri 274 milyon avrodan çox olan silah tədarükü müqavilələri imzalayıb.
2022-ci ilə qədər Fransa praktiki olaraq Ermənistana silah tədarük etmirdi. Lakin 2023–2024-cü illərdə quru qoşunlarının gücləndirilməsi məqsədilə bir sıra böyük müqavilələr bağlanıb və Paris ilə Yerevan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə sənədlər imzalanıb.
Bu barədə Crossmedia.az Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatına istinadla xəbər verir.
“Hərbi texnikanın ixracı, təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması Ermənistan tərəfdaşları ilə daha sıx əlaqələrin qurulmasına və əməkdaşlıq üçün optimal formatların müəyyən edilməsinə imkan verəcək”, – məlumatda qeyd olunur.
Ermənistanın müdafiə sənayesi sahəsində bir sıra birgə layihələrin müzakirə edildiyi bildirilir. Sənəddə qeyd olunur ki, Fransa Ermənistana daha əvvəl tanınmış “Sezar” özüyeriyən haubitsaları, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir.
Türkanə Məşədiyeva
12:54 03.11.2025
Oxunuş sayı: 1372