“The Jerusalem Post”: Azərbaycan və Suriya münasibətləri yeni mərhələyə qədəm qoyur
İsrailin “The Jerusalem Post” qəzeti Azərbaycanla Suriya arasında əlaqələrin inkişafına həsr olunmuş məqalə dərc edib.
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir.
Nəşrdə qeyd olunur ki, iqtisadi böhran fonunda Suriya yeni əməkdaşlıq formaları qurmağa çalışır və Azərbaycan bu istiqamətdə əsas tərəfdaşlardan birinə çevrilib, xüsusilə enerji və qiymətli metalların hasilatı sahəsində.
Ən mühüm addımlardan biri Azərbaycan təbii qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya tədarükünü nəzərdə tutan saziş olub. 2025-ci ilin iyulunda elan edilən bu razılaşmaya əsasən, illik 2 milyard kubmetrədək qazın ötürülməsi planlaşdırılır. Layihənin məqsədi Suriyanın elektrik stansiyalarının fəaliyyətini bərpa etməkdir.
Ekspertlərin fikrincə, bu tərəfdaşlıq Dəməşqə regional iqtisadiyyata reinteqrasiya imkanı yaradır. Azərbaycan isə öz növbəsində Yaxın Şərqdə mövqelərini möhkəmləndirərək ənənəvi təsir dairəsindən kənarda əməkdaşlıq imkanlarını genişləndirir.
Dəməşq Universitetinin professoru Samer əl-Xatib bildirib ki, Bakı ilə münasibətlər yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan Türkiyə, İran və Rusiya ilə əlaqələrə malik olaraq regionda balans yaradan amil rolunu oynayır.
Analitiklər hesab edirlər ki, bu əməkdaşlıq regional inteqrasiya modelinə çevrilə bilər. Azərbaycanın enerji və infrastruktur potensialı, Suriyanın isə əlverişli coğrafi mövqeyi bu istiqamətdə mühüm üstünlüklər yaradır.
Avrasiya İnteqrasiyası İnstitutunun eksperti Adilxan Qədilişiyev qeyd edib ki, Dəməşqlə əlaqələrin möhkəmləndirilməsi Prezident İlham Əliyevin siyasətinə tam uyğundur. Onun fikrincə, Bakının vasitəçilik təcrübəsi Suriya ilə İsrail arasında dialoqa töhfə verə və regionda sülhün möhkəmlənməsinə xidmət edə bilər.
Günel Verdiyeva
12:19 03.11.2025
Oxunuş sayı: 1335