Səudiyyə Ərəbistanı, Rusiya və daha 6 ölkə neft hasilatını artıracaq
OPEC+ ölkələri qlobal enerji bazarındakı sabitlik və artan tələbat fonunda növbəti ay üçün hasilatla bağlı yeni qərar qəbul ediblər. Bu barədə təşkilatın iclasından sonra yayılan bəyanatda qeyd olunub.
Crossmedia.az xəbər verir ki, məlumata görə, OPEC+ qrupuna daxil olan səkkiz ölkə – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman – dekabr ayında gündəlik neft hasilatını noyabra nisbətən 137 min barel artırmaq barədə razılığa gəlib.
Bəyanatda bildirilir ki, bu qərar sabit qlobal iqtisadi mənzərə və bazarda müşahidə olunan sağlam fundamental göstəricilər – o cümlədən aşağı neft ehtiyatları – nəzərə alınaraq qəbul edilib.
Qeyd edilib ki, hasilatın artırılması 2023-cü ilin aprelində elan edilən 1,65 milyon barellik könüllü azaldılmaya düzəliş kimi həyata keçiriləcək və 2025-ci ilin dekabrından qüvvəyə minəcək.
Növbəti OPEC+ iclasının noyabrın 30-da keçiriləcəyi bildirilib.
21:47 02.11.2025
Oxunuş sayı: 1950