İran Xəzər sahilində atom elektrik stansiyasının tikintisinə başlayıb
İran Xəzər dənizinə çıxışı olan şimaldakı Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə start verib. Bu barədə ölkənin vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Eslami ölkənin enerji potensialının artırılması istiqamətində atılan bu addımı strateji əhəmiyyətli hadisə kimi dəyərləndirib. “Görülən nəhəng səylərin nəticəsində biz Gülüstan vilayətinin sahilində atom elektrik stansiyasının tikintisinə başlamışıq,” – deyə Eslami bildirib.
O qeyd edib ki, İranın ali liderinin müəyyən etdiyi hədəfə uyğun olaraq, ölkə üzrə ümumi elektrik enerjisi istehsalının 20 min meqavata çatdırılması planlaşdırılır. Bu məqsədlə növbəti illərdə ölkənin müxtəlif bölgələrində daha bir neçə atom elektrik stansiyasının inşası nəzərdə tutulur.
“Plan çərçivəsində nüvə enerjisinin sabit və təmiz istehsalı hesabına ölkənin elektrik enerjisinə olan tələbatı təmin ediləcək,” – deyə o vurğulayıb.
Məhəmməd Eslami həmçinin 1979-cu il İslam İnqilabından öncə tikintisinə başlanmış Xuzistan vilayətindəki atom elektrik stansiyasının da yaxın illərdə tamamlanmasının planlaşdırıldığını bildirib.
Nigar Yahyazadə
20:07 02.11.2025
Oxunuş sayı: 2114