Azərtac Vüqar Zifəroğlunun Crossmedia.az haqqındakı yazısını dərc edib
Bir il əvvəl rəqəmsal medianın sürətlə dəyişdiyi, informasiya bolluğunun isə həqiqəti kölgədə qoyduğu bir dövrdə “Crossmedia.az” saytı fəaliyyətə başladı. Bu, sadəcə yeni bir xəbər portalının yaranması deyildi — bu, müasir jurnalistikanın analitik təfəkkürlə birləşdiyi, media savadlılığını və ictimai dəyərləri ön plana çəkən bir təşəbbüs idi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun “Crossmedia.az” saytı ilə bağlı qeydlərində yer alıb.
Vüqar Zifəroğlunun fikrincə, bu saytda siyasət, beynəlxalq münasibətlər, texnologiya, sosial problemlər, təhsil, media etikası və mədəniyyət kimi müxtəlif mövzular bir-birini tamamlayır: “Bu yanaşma sayta həm peşəkar auditoriyanı, həm də geniş ictimai kütləni cəlb etməyə imkan verir. Xüsusilə son aylarda media savadlılığı, jurnalist etikasının prinsipləri, informasiya təhlükəsizliyi və rəqəmsal erada dezinformasiya ilə mübarizə kimi mövzularda yayımlanan materiallar ictimai diskussiyaların mühüm hissəsinə çevrilib”.
Saytda yayımlanan məqalələr təkcə faktları sadalamır, eyni zamanda, hadisələrin arxa planını, siyasi və sosial kontekstini, onların arxasındakı siyasi, sosial, mədəni və kommunikativ kodları açmağa çalışır, həmçinin mediada bu hadisələrin necə təqdim olunduğunu təhlil edir. Bu, xüsusilə beynəlxalq mövzular, informasiya manipulyasiyası, media müharibələri və dezinformasiya ilə bağlı yazılarda özünü aydın göstərir.
Məzmunla yanaşı, formanın da dəyərli olması çağdaş medianın tələblərindəndir. “Crossmedia.az” saytının interfeysi minimalist, oxunaqlı və mobil cihazlara tam uyğunlaşdırılıb. Bu da onu rəqəmsal nəsil üçün əlçatan və cazibədar edir.(AZƏRTAC)
19:26 01.11.2025
Oxunuş sayı: 2606