Fransa Cənubi Qafqazla bağlı strategiyasını dəyişib - Politoloq
Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində aparılan danışıqlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Regionda yeni reallıqların formalaşdığı bir dövrdə dövlətlər arasında əməkdaşlıq və qarşılıqlı anlaşma təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycanla sülhün qurulması münasibətilə təbrik etməsi mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.
Bu təbrik yalnız diplomatik jest deyil, eyni zamanda Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qaldırılması və dayanıqlı sülhün təmin olunması yolunda atılmış mühüm addımın beynəlxalq səviyyədə tanınması anlamına gəlir. Görüş zamanı tərəflər TRIPP layihəsi, regionda kommunikasiyaların açılması, iqtisadi və humanitar əməkdaşlıq imkanları kimi strateji məsələləri müzakirə ediblər.
Beləliklə, Fransa və Ermənistan arasında aparılan bu müzakirələr təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də regionda yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Bu proses, bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı və sülhün davamlı olması baxımından mühüm perspektivlər vəd edir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Fransa Prezidenti Emmanuel Makronun Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik etməsi olduqca maraqlı bir məqamdır. Çünki artıq Makron hakimiyyəti də anlayır ki, Cənubi Qafqazda gedən geosiyasi proseslər Fransanın təsir dairəsindən xeyli uzaqlaşıb.
Vaxtilə Makron administrasiyası ermənipərəst mövqe tutmaqla bölgədə sülh prosesini əngəlləməyə çalışan əsas tərəflərdən biri idi. Lakin Azərbaycanın qətiyyətli mövqeyi və prinsipial qərarları nəticəsində Fransa Cənubi Qafqazdakı sülh prosesindən faktiki olaraq uzaqlaşdırıldı. Nəticədə Azərbaycan və Ermənistan arasında birbaşa, ikitərəfli təmaslar vasitəsilə yekun sülh sazişinin mətni razılaşdırıldı.
Bu hal Rusiya ilə yanaşı, Fransanın da geosiyasi məğlubiyyəti kimi dəyərləndirilə bilər. Rəsmi Paris artıq bu reallığı qəbul etmək məcburiyyətindədir. Geopolitik məkanda Fransa məğlub duruma düşüb və bu səbəbdən hazırda Paris rəhbərliyi reallığı nəzərə alaraq Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları müsbət qarşılayır, tərəfləri təbrik edir".
Onun fikrincə, Makron hakimiyyəti başa düşür ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə imzalanmış razılaşmalardan sonra Fransanın Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirərək bu regionda öz mövqeyini bərpa etməsi artıq mümkün deyil: "Bu səbəbdən də, son dövrlərə qədər Ermənistan üzərindən bölgəyə təsir göstərməyə çalışan Fransa indi öz taktika və strategiyasını dəyişib. Rəsmi Paris həm Ermənistan, həm də Azərbaycanla münasibətlərin normallaşdırılmasına səy göstərir.
Əgər əvvəllər Fransa “suyu bulandırmaqla” bölgəyə daxil olmağa çalışırdısa, indi diplomatik münasibətləri sabitləşdirməklə və qarşılıqlı etimadı artırmaqla Cənubi Qafqazda öz maraqlarını qorumağa çalışır".
Politoloq, həmçinin Fransanın artıq Ermənistan üzərindən geosiyasi məqsədlərinə nail ola bilməyəcəyini anlayaraq, Azərbaycanla münasibətləri yenidən qurmağa başladığını qeyd edib:
"Son vaxtlar Bakı–Paris münasibətlərində müəyyən yumşalma və istiləşmə müşahidə olunur. Görünür, Makron hakimiyyəti nəhayət, daha mötədil yanaşmaların həm mümkün, həm də zəruri olduğunu dərk edib".
Elmir Heydərli
16:02 01.11.2025
Oxunuş sayı: 1341