1 yaşlı Crossmedia.az-ın redaktoru: Gənc jurnalistlərin yetişməsinə töhfə veririk
Bu gün Crossmedia.az analitik-informasiya portalının yaranmasından 1 il keçir.
Özünəməxsus analitik üslubu, informasiya təqdimatı ilə informasiya məkanında mühüm yer qazanmış portal fəaliyyətində təhlili materialların dərcinə xüsusi yer verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.
Yurd.Media-ya danışan Crossmedia.az saytının redaktoru Kənan Novruzov saytın 1 il ərzində nələrə nail olduğu, planlarının nədən ibarət olduğu və bu gün Azərbaycan mediasının durumu barədə fikirlərini qeyd edib.

Onun sözlərinə görə, Crossmedia.az saytı yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb.Analitik- informasiya portalı öz fəaliyyətində təhlili materialların dərcinə xüsusi yer verir:
"Mən Crossmedia.az komandasına bir qədər gec qoşulmuşam. Portal təsis ediləndən iki-üç ay sonra mənə təklif gəldi. İlk redaktorluq təcrübəm olacağına baxmayaraq, tərəddüd etmədim. Çünki hara gələcəyimi, kimlərlə işləyəcəyimi bilirdim. Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.Analitik-informasiya portalı öz fəaliyyətində təhlili materialların dərcinə xüsusi yer verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.
Crossmedia.az kollektivi həm də orijinallığını qorumağa çalışır. Analitik-informasiya portallarındakı fərqli rubrikaları, o cümlədən "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən "Yüksəliş" hekayəsi", Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş "Mətbuat-150", İkinci Qarabağ müharibəsinin beş illiyi ilə bağlı "Vətən müharibəsi-5", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələri bu baxımdan səciyyəvidir.Crossmedia.az sosial mediada da fəaldır. Portal ayrı-ayrı sosial media platformalarında fərqli kontentlərlə çıxış edir".
Crossmedia.az saytının həm analitik yazıların dərinliyi, həm də gündəlik xəbərlərin operativliyi ilə fərqləndiyini bildirən, Kənan Novruzov saytın əsas məqsədinin cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etmək olduğunu vurğulayıb:
"Portalın səhifələrində “Doktor danışır” rubrikası çərçivəsində müxtəlif sahələrin tanınmış mütəxəssisləri ilə müsahibələr, həmçinin “Yüksəliş”, “Dünya iqtisadiyyatı”, “Azərbaycan rubrikaları” kimi bölmələrdə milli və beynəlxalq miqyasda baş verən hadisələrin dərin analitik təhlili yer alır.
Crossmedia.az, həmçinin Milli Məclisin deputatları, ictimai xadimlər və ekspertlərlə mütəmadi əməkdaşlıq quraraq, informasiya ilə yanaşı, fikirlərin toqquşduğu və həqiqətin önə çıxdığı bir analitik meydan formalaşdırıb. Saytın xüsusiyyətlərindən biri də gənc jurnalist nəslinin yetişməsinə töhfə verməsidir. Bu baxımdan sayt iki könüllülük proqramı keçirib. Həmin proqramı bitirənlər arasında bu gün həm komandamızda, həm də digər media subyektlərində çalışanlar var. Hazırda üçüncü proqram davam edir.
Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik düşüncə mərkəzi və ictimai rəyin formalaşmasında önəmli iştirakçı kimi tanınır. Sayt bu gün həm də gündəm yaradır. Biz bunu hiss edirik. Ayrı-ayrı ictimai-siyasi xadimlər, o cümlədən Milli Məclisin deputatları müntəzəm olaraq Crossmedia.az-da çıxış edirlər. Bir neçə dəfə parlamentarilərdən eşitmişəm ki, onlar portalımızda dərc olunan müsahibələrinin, açıqlamalarının linklərini özlərinin "Watsapp" qrupuna da göndərirlər".
Crossmedia.az saytının növbəti illər üçün planları barədə danışan redaktor cəmiyyətin maarifləndirilməsinin, ictimai rəyin formalaşdırılmasının əsas iş prinsipləri olduğunu qeyd edib:
"Dövlət və dövlətçiliyə xidmət bizim əsas, dəyişməyən hədəfimizdir. Eyni zamanda cəmiyyətin maariflənməsi və bilgiləndirilməsi, ictimai rəyin formalaşdırılması əsas işimizdir. Bunun üçün çalışırıq. Məqsədlərimizə daha yaxşı nail olmaq üçün gələcəkdə daha çox işləyəcək, imkanlarımızın artırılmasına çalıcağıq. Bu baxımdan gələcəkdə Crossmedia.az-ın televiziyasının yaradılması da planlaşdırılır".
Həmçinin, Kənan Novruzov Azərbaycan mediasının bu günkü vəziyyəti ilə bağlı hansı məsələlərə diqqət edilməsi barədə öz fikirlərini bildirib:
"Bütövlükdə media sistemində çox ciddi proseslər baş verir. Süni intellekt çox ciddi transformasiyalara səbəb olur. Bu, hər gün daha çox müşahidə olunur. Gələcəkdə jurnalistika tamam fərqli olacaq. Bəlkə də, heç jurnalistə ehtiyac qalmayacaq. Bu gün isə bir tərəfdən yeni şəraitə uyğunlaşmağa çalışır, digər tərəfdən isə etik prinsipləri, peşəkarlıq meyarlarını qorumağa çalışırıq".
Yurd.Media saytının bütün kollektivi adından "Crossmedia.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!(Yurd Media)
12:01 01.11.2025
Oxunuş sayı: 2354