2003-cü ildə Prezident seçilən İlham Əliyev beynəlxalq arenaya aydın mesaj, xalqına isə vəd verdi - Deputat
 
                                            Azərbaycanın müasir tarixində 2003-cü il dönüş nöqtəsi kimi yadda qalıb. Həmin il xalqın böyük etimadı ilə Prezident seçilən İlham Əliyev ölkənin inkişafı, suverenliyinin qorunması və milli birliyinin möhkəmləndirilməsi yolunda tarixi missiyasına başladı. Onun həm xalqına, həm də beynəlxalq ictimaiyyətə verdiyi mesaj aydın idi – güclü, müstəqil və qalib Azərbaycan qurmaq. Sonrakı illər göstərdi ki, bu, sadəcə siyasi bəyanat deyil, strateji və ardıcıl şəkildə həyata keçirilən milli ideya idi. Prezident İlham Əliyevin 2020-ci ilin sentyabrında Bayraq meydanında səsləndirdiyi sözlər isə həmin missiyanın artıq Zəfər mərhələsinə çatdığını təsdiqlədi. Elə həmin ay başlayan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən 44 günlük Vətən müharibəsi, dövlət başçısının illərdir qurduğu siyasi, diplomatik və hərbi strategiyanın parlaq nəticəsi oldu.
Milli Məclisin deputatı Azər Badamov prezident İlham Əliyevin çoxtərəfli fəaliyyəti ilə bağlı Crossmedia.az-a açıqlama verib: "2003-cü ildə xalqımızın böyük etimadı ilə Azərbaycan Respublikasına Prezident seçilən İlham Əliyev beynəlxalq arenaya aydın mesaj, xalqına isə vəd verdi. Liderimiz eyni mesajı 1 sentyabr 2020-cu ildə Bayraq meydanının açılış zamanı bir daha təkrarladı. Əslində, Bayraq meydanının açılışı edilən sentyabr ayı sonradan daha dərin anlam qazandı. Bu ay ərazilərimizdə 30 illik erməni işğalına son qoyulması yolunda bizi Zəfərə aparan 44 günlük Vətən müharibəsinin başlanğıcı olan və sonradan suverenliyimizin bərpa edilməsi ilə bayrağımızın gücünün və əzəmətinin artdığı və xalqımız üçün tarixi əhəmiyyət daşıyan günləri özündə əks etdirən aya çevrildi. Dövlət başçımız mesaj verdiyi məkanı da, onun məzmunu da olduqca dəqiq seçmişdi. Bu mesaj Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı idi".
Deputat qeyd edib ki, ötən dövr göstərdi ki, Azərbaycan Prezidenti daxili ve xarici siyasətdə atdığı bütün addımları məhz bu hədəfə fokusladı. İllər ərzində Azərbaycana diktə olunmağa çalışılırdı ki, münaqişənin hərbi həll variantı yoxdur. Dövlət başçımız məhz bu amili son dəfə Cəbrayıl rayonunun Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim edərkən bir daha xatırlatdı. Hadisələrin indiki inkişaf tendensiyasında məhz bu amilin bir daha vurğulanması təsadüf deyil. Bu o deməkdir ki, indi də heç bir şeyə mane ola bilməyəcəklər. Qarabağ yenidən qurulduğu kimi Cənubi Qafqaz da yeni siyasi reallıqlara qucaq açır, onun təhlükəsizlik arxitekturası yenidən qurulur. Bu arxitektura özü ilə sülh, əməkdaşlıq, rifah gətirir.
Müzəffər Liderimizin də bildirdiyi kimi Zəfər günü bizim tariximizin ən parlaq səhifəsidir. Azərbaycan dövləti, Azərbaycan xalqı göstərdi ki, öz reallığına qovuşmaq onu yaratmaqdan keçir. Azərbaycan bütün mənasız qətnamələrin üzərindən xətt çəkdi. Əzəli və əbədi torpağımıza qovuşmaq üçün xalqımız candan belə keçməyin nə demək olduğunu göstərdi. 44 günlük Vətən müharibəsinin hər günü şanlı tarix deməkdir. Bu günlər xalqımızın milli iradəsinin yenilməzliyini, məğlubedilməzliyini göstərdi. 44 gün ərzində Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin məşəli olan Azərbaycan gəncləri torpaqları qanları ilə suladılar. Müzəffər Liderimiz hər zaman minnətdarlıq hissi ilə şəhidlərimizi anır, onların əziz xatirəsini daim uca tutur. Bu amil dövlət başçımızın böyüklüyünü bir daha, hər dəfə təsdiq edir. 44 günlük Vətən müharibəsi Azərbaycanın qəlbində əbədi iz buraxmış səhifədir. Allah şəhidlərimizə rəhmət eləsin!"
Ayhan
15:28 31.10.2025
Oxunuş sayı: 1460
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        