Rusiya iqtisadiyyatı çökür? - Politoloqdan mühüm açıqlama
 
                                            Çinin dövlət şirkətləri ABŞ-nin "Rosneft" və "LUKOYL"a qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya neftinin alışını dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazır.
Söhbət Çinin "PetroChina", "Sinopec", "CNOOC" və "Zhenhua Oil" kimi dövlət şirkətlərindən gedir. Onlar ən azı qısamüddətli perspektivdə Rusiyanın enerji ehtiyatlarının dəniz yolu ilə tədarükündən imtina edəcəklər.
Agentliyin məlumatına görə, "Rosneft" və "LUKOYL" neftin böyük hissəsini Çinə birbaşa deyil, vasitəçilər üzərindən satır. İdxalın əsas hissəsini müstəqil neft emalı zavodları üçün tədarüklər təşkil edir. "Reuters"in sorğu apardığı treyderlərin fikrincə, onlar Rusiyadan neft alışını dayandıra bilərlər, lakin tədarükləri bərpa etməyə çalışacaqlar.
Məsələ ilə bağlı politoloq Samir Hümmətov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu addımlar Rusiyanın iqtisadiyyatına müəyyən qədər təsir etsə də, onun strateji istiqamətini dəyişməyə kifayət etməyəcək:
“Bu gün artıq Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırlayır. Lakin 18 sanksiya paketi indiyə qədər istənilən nəticəni verməyibsə və əksinə, Rusiya bu sayədə ticarətini başqa istiqamətlərə yönəldə bilibsə, yeni sanksiyaların Rusiya iqtisadiyyatını tamamilə çökdürəcəyini demək çətindir. Təbii ki, heç təsir etməyib demək də düzgün olmaz. Rusiya iqtisadiyyatı müəyyən çətinliklərlə üzləşib.”
Politoloq qeyd edib ki, Prezident Vladimir Putin iqtisadiyyatın sanksiyalardan zərər gördüyünü etiraf etməsə də, real vəziyyət fərqlidir: “Putin çıxışlarında Rusiyanın iqtisadiyyatının güclü olduğunu, sanksiyalardan zərər görmədiyini vurğulayır. Amma reallıqda vəziyyət fərqlidir. Öncəki sanksiyalar gözləntiləri tam qarşılamayıb, bu səbəbdən düşünürəm ki, yeni tətbiq ediləcək sanksiyalar da Rusiyanı ciddi problemlər qarşısında qoya bilməyəcək. Müəyyən təsirlər olacaq, lakin bu, Moskvanın siyasət kursunu dəyişməyə qadir olmayacaq.”
Fatimə Hacıəliyeva
13:10 31.10.2025
Oxunuş sayı: 1725
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        