Sülh artıq sənədlərdə deyil, real həyatda tətbiq olunur – Deputat
 
                                            Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Baş nazir əminliklə bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut ("Tramp Martşrutu" TRİPP - red) Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir:
"Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir".
Əli Əsədovun səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar İsgəndərlinin sözlərinə görə, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, hərbi qələbə qazandıqdan sonra məğlub tərəfə sülh əlini uzadıb:
“Dünya müharibə tarixində bu cür nümunələr çox azdır. Qısa müddət ərzində bölgədə dayanıqlı sülhün təmin olunması üçün rəsmi Bakı ardıcıl və məqsədyönlü addımlar atmağa başladı. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə keçmişdəki səhifəni bağlayıb, yeni mərhələyə keçmək təklifini irəli sürdü və bu, region üçün mühüm dönüş nöqtəsi oldu".
V.İsgəndərlinin sözlərinə görə, artıq Azərbaycan və Ermənistan vasitəçisiz şəkildə bir sıra razılaşmalara nail olublar:
“Avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı iki ölkə arasında sülh müqaviləsinin paraflanması göstərdi ki, tərəflər real və praktik addımlar atmağa hazırdırlar. ABŞ Prezidenti Donald Trampın bu prosesdəki fəal mövqeyi də təqdirəlayiqdir”.
Deputat bildirib ki, Azərbaycan artıq sülhün yalnız sənədlərdə deyil, real həyatda tətbiqini nümayiş etdirir:
“Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bunun bariz nümunəsidir. Ermənistan Baş naziri də bu addıma görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bu, bölgədə yaranan yeni etimad mühitinin göstəricisidir. Zəngəzur dəhlizi beynəlxalq statuslu bir nəqliyyat xəttinə çevrilməkdədir. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün bütün öhdəliklərini yerinə yetirir. Təəssüf ki, Ermənistan tərəfi hələlik bu istiqamətdə eyni fəallığı göstərmir. Prezident İlham Əliyev də qeyd edib ki, Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər tam fəaliyyətə başlaması gözlənilir".
Sonda parlamentari vurğulayıb ki, əsas məqsəd regionda davamlı sülhün bərqərar olması və hər iki ölkənin sülhə sadiqliyini qoruyub saxlamasıdır: “Azərbaycan sülhə sadiqdir və bütün təşəbbüslər məhz dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.”
Fatimə Hacıəliyeva
12:53 31.10.2025
Oxunuş sayı: 2576
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        