Erməni müxalifət lideri ilə görüşən azərbaycanlı deputat: “Müxalifət Paşinyanın atdığı hər bir addımı...”
 
                                            Vyana şəhərində Avstriya Milli Müdafiə Akademiyasında “International Center for European Union Research” tərəfindən “Ermənistan-Azərbaycan danışıqları: Sülh yolunda necə hərəkət etməli” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanı Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Ermənistanı isə “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan təmsil edib.
Seminar 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmasından sonra iki ölkə münasibətlərində yaranmış yeni mərhələnin və TRIPP çərçivəsinin regional sabitliyə təsirinin müzakirəsinə həsr olunub.
Tədbirdə çıxış edən Razi Nurullayev bildirib ki, tərəflər arasında artıq müəyyən inam formalaşıb və məqsəd sülh müqaviləsinin tam şəkildə imzalanmasıdır. Görüş zamanı həmçinin Rusiya və İranın prosesə təsiri, eləcə də Ermənistan ictimaiyyətində sülhə münasibətdə mövcud fərqliliklər də müzakirə olunub.
Seminar iştirakçıları qeyd ediblər ki, bu cür görüşlər Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində əhəmiyyətli addımdır.
Razi Nurullayev həmin seminar barədə Crossmedia.az -a danışıb: “Ermənistan “İşıqlı Ermənistan” Partiyasının sədri Edmund Marukyan ilə müzakirələr apardıq. Çıxışımda qeyd etdim ki, Azərbaycanla Ermənistan arasında artıq sülh müqaviləsinin ilkin bəyannaməsi imzalanıb. Avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərləri arasında müəyyən inam yaranıb. Azərbaycan Prezidenti Qazaxıstanda bildirib ki, Ermənistan SSR dövründən qalan yüklərin daşınması üçün məhdudiyyətləri aradan qaldırır. Ermənistan da öz növbəsində müəyyən addımlar atır. Beləliklə, biz sülhə çox yaxınlaşmışıq və demək olar ki, sülhü əldə etmişik".
Deputatın sözlərinə görə, Ermənistan müxalifəti bu prosesdə “suları bulandırmamalıdır”:
“Müxalifət Paşinyanın atdığı hər bir addımı düşmən fəaliyyəti kimi görməməlidir. Söhbət inam və sülh yaratmaqdan gedirsə, müxalif partiyalar da dövlətçiliyə qarşı yox, şəxslərə qarşı müxalif ola bilərlər. Bu gün Paşinyan nə edirsə, müxalifət onu mənfiyə yozur. Bu isə sülh prosesində problemlər yaradır, inamı azaldır. Mən çıxışımda qeyd etdim ki, bu, yol verilməzdir".
Nurullayev bildirib ki, TRIPP layihəsi barədə müzakirələr zamanı hələlik detallı məlumatın olmadığı vurğulanıb:
“Bu ilin yanvarından Azərbaycan və Ermənistan hökumətləri ilə ABŞ Prezidenti Donald Trampın komandası arasında danışıqlar aparılır. Səkkiz ay ərzində müəyyən irəliləyişlər əldə olunub, amma detalları hələ açıqlanmayıb. Hər halda, bu layihə regionun inkişafına yönəlib".
Erməni nümayəndə Marukyan isə TRIPP layihəsinə fərqli yanaşma sərgiləyib:
“Ermənistan tərəfi hesab edir ki, bu layihədən Azərbaycan qazanır, Ermənistan isə uduzur. Onlar Paşinyanın güzəştlərə getdiyini düşünürlər. Lakin mən qeyd etdim ki, istənilən halda heç bir Ermənistan siyasi qüvvəsi yeni müharibə istəmir. Bəlkə də, Vaşinqtonda imzalanan ilkin sülh razılaşmasına açıq etiraz etmirlər, çünki ABŞ-dən çəkinirlər".
Deputatın sözlərinə görə, hazırda Azərbaycan mediasında Ermənistana qarşı neqativ ritorika, demək olar ki, yoxdur:
“Azərbaycan mediasında artıq Ermənistana qarşı mənfi fikirlər səslənmir. Amma Ermənistan müxalifət mətbuatı hələ də Azərbaycana qarşı bəyanatlar verir, xəyanət ittihamları səsləndirir. Azərbaycan cəmiyyəti isə bu məsələlərdə daha yetkin və düzgün mövqe nümayiş etdirməyə başlayıb. Bu da Vyana seminarında yüksək qiymətləndirildi".
R. Nurullayev sonda vurğulayıb ki, Azərbaycan rəhbərliyinin ardıcıl sülh siyasəti nəticə verib:
“Azərbaycan 2020-ci ildən bəri beş il ərzində daima sülh çağırışları edib və nəticədə buna nail olub. Bu, asan baş verməyib. Arzum budur ki, növbəti ildə keçiriləcək görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını bir bayram kimi qeyd edə bilək".
Mehriban Yariyeva
23:15 30.10.2025
Oxunuş sayı: 1431
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        