Azərbaycanın İrpen şəhərində dağıdılmış mülki infrastrukturun bərpasına dəstəyi təqdirəlayiqdir - Deputat
Azərbaycan Ukraynanın İrpen şəhərində humanitar missiya çərçivəsində müharibə zamanı dağıdılmış mülki infrastrukturun bərpasını davam etdirir.
Bu addım Azərbaycanın humanitar diplomatiyasının və beynəlxalq həmrəyliyə sadiqliyinin bariz nümunəsidir. Rəsmi Bakının Ukraynaya göstərdiyi dəstək iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir. Ekspertlərə görə, bu təşəbbüslər təkcə humanitar deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir – Azərbaycan həm beynəlxalq imicini gücləndirir, həm də regional sabitliyə töhfə verir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib:
"Ötən il Ukraynanın İrpen və Azərbaycanın Laçın şəhəri qardaşlaşıb. Bu, regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına zəmin aradır. Bu mənada sözügedən şəhərə humanitar missiya, mühribədə dağıdılmış mülki infrastrukturun bərpasına dəstək də təqdirəlayiqdir. Ümumiyyətlə, yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərilib. Yeri gəlmişkən, cari ilin fevralında və avqustunda Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Energetika Nazirliyinə vəsait ayrılmasına dair Prezident sərəncamı imzalanıb. Sərəncamda Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə ümumilikdə 3 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması nəzərdə tutulur.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl Kopenhagendə Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşündə də ölkəmizin humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı xüsusi qeyd olunub. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirib".
Deputat həmçinin bildirib ki, tərəflər həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığı da vacib hesab edir. Rəsmi Kiyev Bakı ilə strateji tərəfdaşlığa rifaha xidmət edən əməkdaşlıq kimi yanaşır.
Azərbaycanın Rusiya-Ukrayna müharibəsi ilə mövqeyi isə aydındır. Rəsmi Bakını yanaşması tam şəkildə beynəlxalq hüquqa əsaslanır və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmiz münaqişənin ən qısa vaxtda siyasi-diplomtik yolla həll olunmasını, eləcə də atəşkəs və növbəti mərhələdə davamlı sülhün əldə edilməsini arzulayır".
Ayhan
17:22 30.10.2025
Oxunuş sayı: 1377