Azərbaycan Prezidentinin Ermənistana səfəri real görünmür - Komitə sədri
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin may ayında İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək.
Rəsmi İrəvan Azərbaycan və Türkiyə prezidentlərini sammitə dəvət etməklə sülhə açıq görünməyə çalışsa da, regionda hələ də sülh sazişinin imzalanmaması, Ermənistanın destruktiv ritorikasını davam etdirməsi və ərazi iddialarından tam imtina etməməsi fonunda bu dəvət real siyasi etimad jesti kimi qəbul edilmir.
Ekspertlər bildirirlər ki, Prezident İlham Əliyevin sammitdə iştirak etməmək qərarı Azərbaycanın prinsipial və suveren mövqeyindən irəli gəlir və bu addım İrəvanın hələ də səmimi sülh niyyəti nümayiş etdirmədiyini göstərir.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a açıqlama verib:
"Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Azərbaycanın və Türkiyənin dövlət başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci samitinə dəvət etdiklərini bildirib. Mirzoyanın sözlərinə görə, bu dəvət hələlik yalnız şifahi xarakter daşıyır və rəsmi, yazılı sənəd formasında təqdim olunmayıb. Azərbaycan və Türkiyə prezidentlərinin sammitdə iştirakı məsələsi isə, təbii ki, onların siyasi qərarından asılı olacaq. Hazırkı vəziyyətdə sülh sazişinin imzalanmaması, Ermənistanın destruktiv ritorikasını davam etdirməsi və ərazi iddialarından tam imtina etməməsi fonunda, belə bir səfərin gerçəkləşməsi real görünmür. Dövlət başçılarının belə bir addımı Ermənistanın daxili siyasətinə legitimlik qazandıra bilər. Səfər edib etməmək isə cənab prezidentin qərarından ola bilər".
A.Nağıyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycana dəvət göndərməsi diplomatik baxımdan müsbət jest kimi qiymətləndirilə bilər: "Rəsmi İrəvan bu addımla özünü sülhə və əməkdaşlığa açıq tərəf kimi göstərməyə çalışır. Lakin sülh prosesi reallıqda yalnız vaxtilə Brüssel və Vaşinqton formatlarında imzalanmış sənədlərə uyğun qərarların icrası ilə mümkün ola bilər. Ermənistanın hazırkı addımları daha çox seçkiqabağı siyasi manevr təsiri bağışlayır. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, sülh sazişi imzalanarsa, əməkdaşlıq və qarşılıqlı səfərlər mümkündür. Artıq qeyri-hökumət təşkilatları səviyyəsində bu istiqamətdə ilkin addımlar atılır. Əsas məsələ sənədin rəsmi şəkildə təsdiqlənməsi və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir. Azərbaycan isə sülhə açıq olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Prezident İlham Əliyevin tranzit daşımaları və regional əməkdaşlıqla bağlı son bəyanatları da Ermənistan cəmiyyətində müsbət rezonans doğurub. Azərbaycan öz milli maraqlarına zidd heç bir addım atmır və atmayacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını müstəqillik, suverenlik, ərazi bütövlüyü və xalqın rifahı təşkil edir".
Deputat qeyd edib ki, nəticə etibarilə, Ermənistanın bu dəvəti daha çox siyasi jest xarakteri daşıyır: "Azərbaycan tərəfinin cavabı isə qəti, lakin sülhə yönəlik prinsipal mövqeyin ifadəsidir. Bu, bir daha göstərir ki, Bakı sülhsevər və məsuliyyətli dövlət kimi regional sabitliyin təminatında əsas rol oynayır. Ermənistan isə görüntü üçün deyil, real addımlarla öhdəliklərini yerinə yetirməlidir".
Ayhan
17:16 30.10.2025
Oxunuş sayı: 3613