Azərbaycan sülhməramlılarının Qəzzada missiyaya cəlb olunması ehtimalı yüksəkdir - Deputat
ABŞ Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib. Bu barədə "AnewZ" öz mənbələrinə istinadən xəbər verir. Məlumata görə, Bakı hələ yekun qərar qəbul etməyib. Mənbə qeyd edir ki, Bakı hələ yekun qərar qəbul etməyib, məsələyə baxılır.
Vurğulanır ki, Azərbaycanın mövqeyi qətidir: "hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır.
Telekanal xatırladır ki, bu missiya BMT-nin klassik sülhməramlı əməliyyatı deyil.
Mənbə həmçinin bildirib ki, ərəb tərəfdaşlar Azərbaycanın İslam dünyası ilə uzunmüddətli əlaqələrə və Fələstinlə əməkdaşlığa əsaslanan balanslı mövqeyini vurğulayıblar.
Azərbaycanın Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulma ehtimalı barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a danışıb: "Azərbaycan sülhməramlılarının Qəzzada missiyaya cəlb olunması ehtimalı yüksəkdir. Azərbaycan sülhməramlılarının Qəzzada sülh missiyasına cəlb olunması ilə bağlı danışıqların aparılması bəllidir və bunun mümkünlüyü yüksəkdir. Hər şeydən əvvəl, Azərbaycan ordusu ən mürəkkəb və münaqişəli bölgələrdə sülhməramlı missiyalar həyata keçirmək sahəsində zəngin təcrübəyə malikdir. Əfqanıstan və Balkanlardakı fəaliyyətlərdən məlumdur ki, Azərbaycan sülhməramlıları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Bu təcrübə Qəzza kimi mürəkkəb bir regionda sülhün və əmin-amanlığın bərpası üçün mühüm əhəmiyyət daşıyır. Sülhməramlı missiya yalnız hərbi deyil, həm də siyasi qərarlarla bağlıdır. Bu zaman sülhün qorunmasını arzu edən tərəflərin siyasi mövqeyi ön plana çıxır və siyasi baxımdan hansı missiyanın daha məqbul olduğu müəyyən edilir".
O bildirib ki, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm regionda sülh üçün çalışan digər aktorlarla, həm də hazırda münaqişənin tərəfi olan İsraillə yaxın əlaqələrə malikdir: "Bütün bu şərtlər Azərbaycan sülhməramlılarının Qəzzada missiya yerinə yetirməsi üçün əlverişli imkanlar yaradır. Vətən müharibəsindən sonra Azərbaycan əsgərinin hətta müharibə şəraitində belə sülhpərvər olması bütün dünyanın gözü önündədir. Bu təcrübə Azərbaycan sülhməramlılarının münaqişəli zonalara cəlb olunmasını daha da cazibədar edir".
Lalə Rəvəndi
16:33 30.10.2025
Oxunuş sayı: 1979