Azərbaycanda hərbi xidmətin müddəti azaldıla bilər - Mühüm açıqlama
Ermənistan hökuməti məcburi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Qanun layihəsi 2025-ci ilin qış çağırışından etibarən sıravi heyətin məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasını, məcburi hərbi xidmət müddətini 18 ay təyin edilməsini nəzərdə tutur.
Məlumata görə, gələn il yanvar 1-dən müddətli hərbi xidmətdə
olan vətəndaşlara xidmət müddətinin qısaldılması şamil edilməyəcək.
Bunun Azərbaycanla müharibəsi ilə bitməsi ilə əlaqələndirənlər də var. Elədirsə, Azərbaycanda da hərbi xidmət müddəti azaldıla bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda hərbi xidmətlə bağlı qanunvericilik təkmilləşdirilməlidir: ‘’Azərbaycanda hərbi xidmətlə bağlı mövcud qanunlar yenilənməli, müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməlidir. Hazırda məlum olan əsas dəyişiklik hərbi xidmətə çağırılma yaşının 30-a endirilməsidir. Digər yeniliklər hələ müşahidə olunmur. Ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə ciddi addımlar atılacaq. Xüsusilə, alternativ hərbi xidmət haqqında qanun qəbul edilməlidir. Əvvəllər bu məsələnin həllinin Qarabağ probleminin nəticələrindən asılı olduğu bildirilirdi. Qeyd edilirdi ki, Qarabağ məsələsi tam həll olunmadan alternativ xidmət tətbiq olunarsa, bəzi şəxslər bundan sui-istifadə edə bilər. Lakin mən hesab edirəm ki, xidmət etmək istəməyən şəxslər istənilən halda müxtəlif yollarla bundan yayınmağa cəhd edirlər. Buna görə də əsas məsələ qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasıdır’’.

Ekspert qeyd edib ki, hərbi xidmətlə bağlı həm yaş həddi, həm
də xidmət müddəti yenidən nəzərdən keçirilməlidir: 2Hazırda ali təhsilli şəxslər
üçün xidmət müddəti 1 il, orta təhsilli şəxslər üçün isə 1 il 6 aydır. Fikrimcə,
bu müddət qardaş Türkiyədə olduğu kimi azaldıla bilər və azaldılmalıdır da.
Bununla yanaşı, hərbi geyim forması və digər qaydalarla bağlı da müəyyən
yeniliklərə ehtiyac var. Bu istiqamətdə müəyyən addımlar atılsa da, yenə də
sistemli islahatlara zərurət qalmaqdadır. Ümid edirəm ki, Milli Məclisin Müdafiə,
Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi bu məsələyə yaxın zamanda
baxacaq. Cəmiyyət bu dəyişiklikləri gözləyir və millət vəkilləri də məhz
ictimai sifarişlərə uyğun olaraq qərarlar qəbul etməlidirlər. Bu ilin sonuna qədər
dəyişikliklərin həyata keçirilməsi real görünmür. Lakin 2026-cı ildə
qanunvericiliyin bu sahədə yenilənməsi vacib və qaçılmazdır. Çünki hərbi sahə
daim dəyişən şəraitə uyğun qanunlarla tənzimlənməlidir’’.
Sevinc Yarməmmədova
15:56 30.10.2025
Oxunuş sayı: 3649