Tramp: ABŞ və Rusiya nüvə silahsızlaşması məsələsini müzakirə edir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Moskva nüvə silahsızlaşması ilə bağlı məsələləri müzakirə edirlər.
Crossmedia.az Washington Post a istinadən bildirir ki, Tramp jurnalistlərlə Vaşinqtona istiqamətlənən prezident təyyarəsində söhbət zamanı nüvə silahı sınaqlarının bərpasının bu sahədə riskləri artıra biləcəyi barədə suala cavab verib. “Xeyr, mən belə düşünmürəm,” – deyə Tramp qeyd edib.
O əlavə edib ki, nüvəsizləşmənin (denuklearizasiyanın) yaxşı bir proses olacağını düşünür: “Bizim çoxlu nüvə silahımız var, Rusiyada da var. Rusiya ikinci yerdədir, Çin isə üçüncü. Çin dörd-beş ilə bizə çatacaq. Məncə, denuklearizasiya adlanan deeskalasiya əla bir şey olardı. Biz bunu Rusiya ilə müzakirə edirik və əgər nəsə əldə etsək, Çin də bu müzakirələrə qoşulacaq,” – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Tramp bundan az əvvəl Cənubi Koreyanın Pusan şəhərində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib.
Bundan əvvəl ABŞ prezidenti Truth Social sosial şəbəkəsində paylaşım edərək Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını bildirib.
10:18 30.10.2025
Oxunuş sayı: 1320