Pakistan ABŞ-dan ilk dəfə xam neft partiyası alıb
Pakistan ABŞ-dən ilk dəfə xam neft partiyası alıb. Bu hadisə İslamabad və Vaşinqton arasında ticarət əlaqələrində yeni mərhələnin başlanğıcı hesab olunur.
Crossmedia.az bildirir ki, göndəriş Suezmax MT Pegasus adlı gəmi ilə çatdırılıb və Belucistan sahillərində yerləşən Cnergyico Single Point Mooring (SPM) limanına yan alıb. Avqust ayında məlum olmuşdu ki, Cnergyico bu ay ərzində Vitol şirkətindən 1 milyon barel neft idxal edəcək.
Cnergyico şirkətinin vitse-sədri Usama Kureyşi “Dawn” qəzetinə müsahibəsində deyib ki, bu, Pakistanın enerji sektoru üçün və şirkətin özü üçün mühüm hadisədir. Onun sözlərinə görə, növbəti neft partiyası noyabrın ortalarında, üçüncüsü isə 2026-cı ilin yanvarında gələcək. Ümumilikdə bu üç göndəriş Pakistanın ABŞ-la ticarət balansını təxminən 200 milyon dollar yaxşılaşdıracaq.
Kureyşi əlavə edib ki, SPM terminalı ölkədə xam neftin dəniz yolu ilə qəbulunu təmin edən yeganə obyekt olub və iri gəmiləri qəbul etmək, logistika xərclərini azaltmaq, eləcə də neft emalı zavodlarının fəaliyyətini yaxşılaşdırmaq imkanına malikdir.
Onun sözlərinə görə, bu idxal əməliyyatları təkcə neft təchizatını müxtəlifləşdirmir, həm də Pakistan və ABŞ arasında ikitərəfli ticarət əlaqələrini möhkəmləndirir və ölkənin uzunmüddətli enerji təhlükəsizliyinə töhfə verir.
23:31 29.10.2025
Oxunuş sayı: 1175