Cümhuriyyət bayramı Azərbaycan və Türkiyə üçün ortaq dəyərdir – Komitə sədri
Bu il Türkiyə Cümhuriyyətinin elanının 102 ili tamam olur. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə elan olunan Cümhuriyyət, Türk xalqının istiqlal və milli iradə uğrunda apardığı mübarizənin simvoluna çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Türkiyə Cümhuriyyətinin ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğana təbrik ünvanlayıb, dost və qardaş ölkə ilə strateji tərəfdaşlığın və mehriban münasibətlərin daha da möhkəmlənməsini diləyib. Prezidentin təbrikində vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və bu bayram münasibəti ilə xalqlarımız arasında həmrəylik və dostluq daha da güclənir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, cümhuriyyət bayramı Azərbaycan və Türkiyənin ortaq bayramıdır və bu dəyəri yaşatmaq hər iki xalqın borcudur: “Cümhuriyyət bayramı bizim ortaq bayramımızdır. Qardaşlığımızın səviyyəsi o həddədir ki, biz birlikdə bu bayramları qeyd edirik.
Bugün də Gülüstan Sarayında məhz bu tədbiri Türkiyə Böyükelçimizlə birlikdə Azərbaycan ictimaiyyətinin, siyasətinin nümayəndələri birlikdə qeyd edir. Bu, bizim ayrılmaz atributumuzdur. Çünki Türkiyə Cümhuriyyətinin mövcudluğu həm də Azərbaycan Cümhuriyyətinin mövcudluğu deməkdir. Artıq paralel olaraq bu yükü, bu gələcəyin ideya hədəflərini gerçəkləşdirməyə çalışmalıyıq”.
Deputat iki ölkə başçısı arasındaki münasibətlərin əlaqələrimizə təsirindən də danışıb: “Bu istiqamətdə də ölkə Prezidentlərinin həm yaxın dostluq münasibətləri, qardaşlıq münasibətləri, həm də elə cəmiyyətlərimiz arasında olan münasibətlər bu işə öz töhfəsini verir. Büyük Atatürkün şah əsəri olan cümhuriyyət bizim hamımız üçün bir dəyərdir və bu dəyəri də yaşatmaq hamımızın borcudur. Bundan sonraki dönəmdə də bu dəyərin yaşanması üçün hamımız əlimizdən gələni etməliyik”.
Günel Verdiyeva
21:32 29.10.2025
Oxunuş sayı: 1988