Prezidentlərin bir-birinə təbrikini, qardaşın qardaşa təbriki kimi başa düşmək lazımdır - Açıqlama
Bu il Türkiyə Cümhuriyyətinin elanının 102-ci ili tamam olur. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə elan olunan Cümhuriyyət, Türk xalqının istiqlal və milli iradə uğrunda apardığı mübarizənin simvoluna çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Türkiyə Cümhuriyyətinin ildönümü münasibətilə Türkiyə Prezidentinə təbrik ünvanlayıb, dost və qardaş ölkə ilə strateji tərəfdaşlığın və mehriban münasibətlərin daha da möhkəmlənməsini diləyib. Prezidentin təbrikində vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və bu bayram münasibəti ilə xalqlarımız arasında həmrəylik və dostluq daha da güclənir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı bildirib ki, Türkiyə Cumhuriyyətinin bayramı təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox önəmli bir bayramdır: “1919 -cu il mayın 19-da Mustafa Kamal Paşanın Samsuna gəlişi ilə başlayan Türkiyənin Qurtuluş savaşı 102 il öncə Osmanlı dövlətinin qalıqları üzərində yeni dövlət qurdu, Cümhuriyyət elan olundu. 1920-ci ilin 28 aprelində öz müstəqilliyini itirən Azərbaycan xalqı da Türkiyənin İstiqlal savaşında iştirak etdi, maddi, mənəvi və kiçik də olsa öz hərbi dəstəyini göstərdi. 1920-ci ilin iyununda Qarabağda Nuru Paşanın komandanlığı ilə bolşeviklərə qarşı mübarizə təəssüf ki, uğurlu alınmadı, Azərbaycan milli hərbi qüvvələri İrana keçməyə məcbur oldu. Azərbaycan Cümhuriyyətinin 2 minə yaxın milli heyyətinin bəzi hissələri İranda qaldı, bir qismi Türkiyəyə keçdi, İstiqlal savaşına qatıldılar. Bu hərbiçilərin bir neçəsini Mustafa Kamal Paşa “Atatürk İstiqlal medalı” ilə təltif etdi. 102 il əvvəl tarixin əzəmətini bu gün yaşayaraq, bütün İstiqlal şəhidlərinə Allahdan rəhmət diləyirik.

Təbii ki, Türkiyənin Cümhuriyyət bayramı təkcə Türkiyənin özünün sərhədləri içərisində deyil, bütün türk dünyası üçün çox önəmli bir bayramdır. Mustafa Kamal Paşanın başçılığı ilə Türkiyədə “Qurtuluş hərəkatı” başladı. 1919-cu ildə başlanan bu hərəkat çox böyük uğurlara imza atdı və Türkiyə Cümhuriyyəti elan olundu”.
A.Aşırlı Azərbaycan Prezidenti Əliyevin türkiyəli həmkarı Ərdoğana bu tarixi hadisə münasibətilə məktub göndərməsini mühüm hadisə adlandırıb: “Hesab edirəm ki, bu bayramın nəinki Türkiyənin özündə, Azərbaycanda da qeyd olunması, prezidentlərin bir-birinə təbrik məktubu göndərməsi mühüm hadisədir. Prezidentlərin bir-birinə təbrikini, qardaşın qardaşa təbriki kimi başa düşmək lazımdır. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi bu təbriklər də qardaşlığımızı göstərir”.
Əməkdar jurnalist Türkiyə və Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələri belə şərh edib: “Türkiyəmizin artıq 102 yaşı var. Əlbəttə, Türkiyənin həmişə türk dünyasında yeri, önəmi çox böyükdür. Azərbaycan və Türkiyə Türk dünyasının birliyi üçün birgə çalışan, bu işin daha effektiv, daha yüksək səviyyədə alınması üçün səy göstərən dövlətlərdir və bu münasibətlər bu gün də ən yüksək səviyyədə inkişaf edir”.
Günel Verdiyeva
21:13 29.10.2025
Oxunuş sayı: 1772