Azərbaycanla Türkiyə arasında diplomatik "paslaşma": Zəngəzur dəhlizi məsələsi gündəmdədir
Türkiyə Xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də regionda təhlükəsizlik məsələləri müzakirə edilib.
Bu, Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqliyin, iki qardaş ölkənin koordinasiyalı xarici siyasətinin növbəti bariz nümunəsidir.
Milli Məclisin deputatı Elman Məmmədov sözügedən görüşlə bağlı Crossmedia.az-a danışıb: "Keçirilən görüşlər iki qardaş ölkə arasında gələcəyə yönəlik perspektivlərin və planların müzakirəsidir. Burada iqtisadi, siyasi, əməkdaşlıq və hərbi məsələlər nəzərdən keçirilmişdir. İki dövlət arasında XİN səviyyəsində olan münasibətlər əlaqələrin daha da genişlənməsinə, xüsusilə Ermənistanla bağlı Zəngəzur dəhlizi, hərbi əməkdaşlıq və gələcək təhlükəsizlik məsələləri üzrə müəyyən razılaşmaların əldə edilməsinə şərait yaradır".
E.Məmmədov həmçinin qeyd edib ki, regional proseslər də danışıqlarda yer ala bilər: “ABŞ Prezidenti Donald Trampın Misir səfəri zamanı Qəzza zolağında sülhməramlı missiya məsələsinin gündəmə gəlməsi ehtimal olunur. İsrail-Türkiyə sülhməramlılarının bölgəyə gəlməsinə etiraz məsələsi də mövcuddur. Elə buna görə də, Misirdə keçirilən zirvə görüşündə Prezident Ərdoğanın kənarda saxlanılması məsələsi də müzakirə mövzularından biri ola bilər. Hər halda görüş xoş məramlıdır və hər iki dövlətin gələcək inkişafı və təhlükəsizliyi üçün vacibdir”.
Fidan Bəhmənova
20:36 29.10.2025
Oxunuş sayı: 2886