Rusiya- Ukrayna savaşı “sürünən savaş’” mərhələsinə keçib- Politoloq
Rusiya qoşunları Ukraynada xarici hərbçiləri məhv edir.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına münasibət bildirərkən deyib ki, Rusiya qoşunları Ukraynada xarici hərbçiləri məhv edir.
Onun sözlərinə görə, xüsusi əməliyyat zonasında xarici hərbçilər mövcuddur və Rusiya qüvvələri onları məhv edir.
"Bu əcnəbilər orada, xüsusi hərbi əməliyyat zonasında var və biz onları məhv edirik. Hərbçilərimiz öz işlərini icra etməyə davam edirlər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı məlumatları həyəcan vericidir. Digər tərəfdən, hərbçilərimiz təmas xəttindəki rabitə vasitələrində daim xarici dillər eşidirlər", - Kremlin sözçüsü vurğulayıb.
Daha Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Ukraynaya 2000 nəfərlik əsgər və zabitdən ibarət hərbi kontingent yerləşdirməyə hazırlaşması barədə məlumat yayıb. Bildirilib ki, Fransa hərbi kontingenti artıq Polşanın Ukrayna ilə sərhəd regionlarında döyüş təlimləri keçirlər.
Bu barədə Crossmedia.az-a danışan politoloq Oqtay Qasımov söyləyib ki, Rusiya–Ukrayna müharibəsi təkcə hərbi deyil, eyni zamanda informasiya savaşı xarakteri daşıyır: “Rusiya Ukraynada çoxsaylı xarici döyüşçülərin iştirak etdiyini iddia edir. Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamalarında bu məsələyə xüsusi diqqət edilir. Rusiya ordusunun tərkibində Yaxın və Orta Şərqdən, eləcə də Hindistandan gələn muzdlu döyüşçülərin olduğu barədə məlumatlar var. Şimali Koreya hərbçilərinin də Rusiya tərəfində döyüşlərdə iştirak etdiyi rəsmi şəkildə bildirilir. Bütün bunlar onu göstərir ki, hər iki tərəf müəyyən dərəcədə xarici qüvvələrdən yararlanır. Lakin bu kontingentlər müharibənin gedişatına həlledici təsir göstərmir. Vəziyyət artıq “sürünən savaş’” mərhələsinə keçib. Tərəflər bir-birini tükəndirməyə yönəlmiş mövqe döyüşləri aparır və bu prosesin yaxın zamanda ciddi dəyişiklik yaradacağı ehtimalı azdır”.
Mehriban İbrahimli
23:16 28.10.2025
Oxunuş sayı: 1247