Ermənistan konstitusion dəyişikliklərin həyata keçirilməsinə daha çox diqqət yetirməlidir - Deputat
Cənubi Qafqazda sülh prosesi istiqamətində növbəti mühüm bəyanat Ermənistan tərəfindən səsləndirilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanması məsələsində məkan və vaxt barədə birbaşa məsləhətləşmələrə başlamağa hazırdır. Bu açıqlama regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından diqqətəlayiq addım kimi qiymətləndirilir.
Nazirin qeyd etdiyi kimi, sülh sazişinin institutlaşması, imzalanması və ratifikasiyası ilə bağlı bir sıra məsələlər hələ də müzakirə mərhələsindədir. Demarkasiya və humanitar problemlər də daxil olmaqla, tərəflər arasında həllini gözləyən mövzuların çoxluğu bu prosesin mürəkkəbliyini göstərir.
Ararat Mirzoyanın bəyanatı, bir tərəfdən Ermənistanın dialoqa və diplomatik həll yollarına meyilli olduğunu nümayiş etdirir, digər tərəfdən isə regionda sülh gündəliyinin real mərhələyə daxil olma ehtimalını artırır. Əgər bu niyyət konkret addımlarla müşayiət olunarsa, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik mühitinin formalaşmasına zəmin yarada bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Crossmedia.az-a fikirlırini bildirib: "Mirzoyanın bu bəyanatına əsasən demək olar ki, sülh sazişi istiqamətində işlər davam edir və artıq praktiki addımlar da atılmaqdadır. Sülh prosesini yaxınlaşdıran ən mühüm məqamlardan biri Azərbaycan Prezidentinin Qazaxıstanda verdiyi bəyanatdır. Belə ki, Qazaxıstan yüklərinin Azərbaycan vasitəsilə Ermənistana daşınmasına razılıq verilib. Hazırda Rusiya yüklərinin də Azərbaycan ərazisindən keçməsi üçün praktiki addımlar atılır və müzakirələr aparılır.
Bu, sülhə verilən real töhfə kimi qiymətləndirilməli və tərəflər arasında etimad mühitinin yaradılmasına xidmət edən mühüm amildir.
Sülh sazişinin hansı şəhərdə və kimlərin vasitəsilə imzalanacağı isə, əslində, o qədər də prinsipial məsələ deyil. Əsas olan odur ki, sülh müqaviləsi tam şəkildə hazırlanıb Azərbaycanın haqlı tələbləri orada öz əksini tapsın".
Deputat həmçinin bu tələblərin başında Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan müddəaların aradan qaldırılması gəldiyini qeyd edib: "Yaxşı olardı ki, Mirzoyan sülh prosesinin məhz bu istiqamətinə konstitusion dəyişikliklərin həyata keçirilməsinə daha çox diqqət yetirər və səylərini bu məsələyə yönəldərdi".
Elmir Heydərli
14:03 28.10.2025
Oxunuş sayı: 1383