ADY Çinin Sian Limanı ilə Anlaşma Memorandumu imzalayıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun Rövşən Rüstəmov Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, həmçinin beynəlxalq multimodal daşımalar və "Kəmər və Yol Təşəbbüsü"nün birgə təşviqi haqqında imzalanmış sazişlər nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.
Həmçinin Orta Dəhlizin inkişafı üzrə ADY və Çin nəqliyyat-logistika şirkətləri və limanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dəhlizlə yük axınlarının artırılması məqsədilə ADY və Çinin Sian Limanı sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iyulda ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və illik yükaşırma gücü 20,000 TEU olan konteyner meydançası açılıb. Eyni zamanda ADY nümayəndələri sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilib.
Qeyd edilib ki, ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 % artım deməkdir. Analoji dövrdə ümumilikdə 103 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (86 413) təxminən 20 %z çoxdur.
Görüş çərçivəsində Anlaşma Memorandumu imzalanıb. ADY sədrinin müavini Arif Ağayev və "Xi"an International Port Group"un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə beynəlxalq yükdaşımalar üzrə əlverişli mühit yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və "Kəmər və Yol Təşəbbüsü" çərçivəsində Orta Dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlər nəzərdə tutulur.
Tərəflər Anlaşma Memorandumunu imzalamaqla konteyner qatarlarının təşkil edilməsi və istismarı qaydalarının optimallaşdırılması, yüklərin daşınma müddətinin təkmilləşdirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi o cümlədən Xəzər dənizində yüklərin daşınması mexanizminin təkmilləşdirilməsi, Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin daha səmərəli təşkili, Orta Dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının hazırlanması, daha çox tranzit yüklərin cəlbi və daşımaların həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Həmçinin yükdaşımaların real vaxt rejimində monitorinqi məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və tətbiqi barədə razılıq əldə olunub.
ADY və Sian Limanının rəhbərliyi logistika infrastrukturuna birgə investisiya, birgə tikinti layihələrinin icrası və infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə araşdıracaqlarını bəyan ediblər.
Bundan başqa, tərəflər Orta Dəhliz boyunca yerləşən ölkələrdə müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin yaradılmasında maraqlı olduqlarını bildiriblər.
Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır, daxili bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi Asiya, Avropa və Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır. Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya, əsasən, elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac olunur, eyni zamanda Avropadan və Mərkəzi Asiyadan enerji resursları, kimyəvi məhsullar və sənaye avadanlıqları idxal edilir.
17:30 27.10.2025
Oxunuş sayı: 1681