Rusiya ABŞ-lə danışıqların Ukrayna məsələsinin həlli istiqamətində davam etdirilməsinə açıqdır

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ-lə gələcək təmasların əsas məqsədini Ukrayna münaqişəsinin həlli üzrə dialoqun və ikitərəfli münasibətlərin parametrlərinin dəqiqləşdirilməsində görür.
Crossmedi.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Zaxarovanın sözlərinə görə, məqsəd Rusiya və ABŞ arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq parametrlərini aydınlaşdırmaq, həmçinin Ukrayna üzrə birgə addımların istiqamətini müəyyənləşdirməkdir:
“Biz hesab edirik ki, Vaşinqton bundan sonra da bizimlə öz baxış və motivlərini bölüşməkdə davam edəcək. Bu, ictimai səviyyədə atılan addımlara da aiddir,” – deyə diplomat qeyd edib.
O, həmçinin bildirib ki, Moskva ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını diqqətlə izləyir və Rusiya XİN ABŞ Dövlət Departamenti ilə təmasları davam etdirməyə hazırdır.
Zaxarova əlavə edib ki, Rusiya 22 oktyabr tarixində ABŞ Prezidenti ilə NATO Baş katibi Mark Rüttenin görüşü zamanı səsləndirilən fikirlərə, o cümlədən ABŞ tərəfinin təklif etdiyi Rusiya–ABŞ sammitinin ləğvi ilə bağlı açıqlamalara diqqət yetirib.
“Təbii ki, bu məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat xidməti tərəfindən münasibət bildiriləcək. Öz növbəmizdə, XİN ABŞ Dövlət Departamenti ilə 16 oktyabrda iki ölkə prezidentləri arasında baş tutmuş telefon danışığında əldə olunmuş razılaşmalar çərçivəsində təmasların davamına açıqdır,” – deyə Zaxarova vurğulayıb.
Xumar Emilqızı
13:52 23.10.2025
Oxunuş sayı: 1029