Ermənistan hökuməti cəmiyyəti referendum dəyişikliyinə hazırlamalıdır - Rəy

Ermənistanın baş naziri Nikol Paşinyan regionda sülh və əməkdaşlıq istiqamətində verilən mesajında Azərbaycanla münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib. O vurğulayıb ki, regionda sabitlik və inkişaf üçün qarşılıqlı etimadın gücləndirilməsi vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoliq, fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, Ermənistan baş nazirinin hazırkı fikirləri regionda sabitlik üçün götürdüyü öhdəlikləri yerinə yetirməyə istiqamətlənmişdir: “Ümumiyyətlə, Ermənistan-Azərbaycan arasında gedən son proseslər, xüsusən ABŞ-Azərbaycan-Ermənistan görüşü və bütün bu nüanslar onu göstərir ki, bundan sonrakı dövrdə Ermənistan baş naziri müəyyən dərəcədə qarşısında duran öhdəlikləri yerinə
yetirmək üçün çalışır".
Politoloq Ermənistanı sülhə məcbur edən amillərdən danışıb: “Xüsusən, onu da qeyd etmək lazımdır ki, Ermənistanın sülh və regionda ikitərəfli Ermənistan-Azərbaycan münasibətlərində dostluq istiqamətində addımlar atmasının səbəblərindən birincisi, Azərbaycanın Ali Baş Komandanı başda olmaqla, ordumuzun qəhrəmanlığı məsələsi dayanır. İkinci tərəfdən, Azərbaycanın beynəlxalq aləmdə imici və diplomatik səylərinin güclənməsi məsələləri dayanır. Təbii ki, belə olan halda Ermənistan tərəfi bununla barışmaya bilməzdi. Ermənistan artıq zəif və gücsüz olduğunu çox gözəl başa düşür. Ondan əvvəl 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan siyasi qüvvələrin, həmçinin hərbi xuntanın aqibətinin nə ilə nəticələndiyini də aydın şəkildə gördü. Bütün bunlar təbii ki, Ermənistan baş naziri üçün siyasi nəticə çıxarmağa zəmin yaradır. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin xarici siyasət uğurlarının daha böyük bir göstəricisi həm də ondan ibarət idi ki, ABŞ, Ermənistan və Azərbaycan arasında üçtərəfli bir saziş imzalandı. Bu saziş Zəngəzur dəhlizinin açılması istiqamətində gələcək perspektivləri aydınlaşdırdı. Həmçinin, regionda sülhün təmin olunacağı istiqamətində də addımlar müəyyənləşdi. Bütünlükdə, sülh müqaviləsi hələki bağlanmayıb, yəni post-konflikt dövrünü yaşayırıq. Bu post-konflikt dövrünün uzanması ilk növbədə, Ermənistan üçün zərərlidir”.
H.İbrahimov sülhə və sabitliyə mane olan amilləri də vurğulayıb: “Ancaq Ermənistan cəmiyyətində hələ də, irtiçacı qüvvələr çoxdur və yəqin ki, Paşinyan növbəti referendumun keçirilməsi ərəfəsinə qədər bu qüvvələrin cəmiyyətdə zərəsizləşdirilməsi işlərini də yerinə yetirməyi özü üçün öhdəlik götürmüşdür. Onlar Paşinyan hakimiyyətinə qarşı səfərbər ola bilirlər. Ona görə də Paşinyan bu istiqamətdə öz səylərini artırır. Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin yaxşı səmtə istiqamətlənməsi baxımından da bunun zəruriliyini anlayır. Bunu da qeyd etməliyik ki, hazırda Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, Ermənistan öz konstitusiyasında Azərbaycana və qardaş Türkiyəyə qarşı olan ərazi iddialarını götürsün. Ermənistan hökuməti cəmiyyəti bu referenduma hazırlamalıdır”.
Məsələni şərh edən politoloq Paşinyanın niyyətini belə açıqlayıb: “Paşinyanın Azərbaycanla münasibətlərin yaxşılaşması məsələsini hazırki dövrdə müəyyən dərəcədə səmini hesab etmək olar. Çünki Paşinyan Ermənistanın indiki dövrə qədər Azərbaycan ərazilərini işğal altında saxlanmasını etiraf etmişdir. İkinci tərəfdən, ideoloji olaraq Qriqoryan kilsəsinin dini-siyasi-ideoloji qanadının zərərsizləşdirməsi addımlarını atır. Üçüncü tərəfdən, Türkiyə ilə yaxınlaşma istiqamətində müəyyən adımlar atır. Dördüncü tərəfdən, ABŞ, Azərbaycan, Ermənistan üçtərəfli görüşündə, onun öhdəliklərə sadiq qalacağı məsələsi vardır. Bütün bunlar təbii ki, onu göstərir ki, Ermənistan baş nazirinin hazırki fikirləri regionda sabitlik üçün götürdüyü öhdəlikləri yerinə yetirməyə istiqamətlənmişdir. Bir məsələni də qeyd etməyimiz yerinə düşər ki, Ermənistan baş nazirinin fikirlərində səmimi olmamasının əsası yoxdur. Çünki Azərbaycan iqtisadi əlaqələrin və sülhə aparan əlaqələrin möhkəmlənməsi üçün real adımlar atır və güman edirəm ki, Ermənistan baş nazirinin də sözlərində artıq səmimiyyətin izləri görünür”.
O Prezidentin bəyanatından da danışıb:
“Cənab İlham Əliyev Qazaxıstanda keçirdiyi görüşlərində də bəyan etdi ki, Qazaxıstan taxılları Azərbaycan üzərindən Ermənistana keçmişdir. Bu artıq, demək olar ki, regionda fundamental sülhə aparan yolda mühüm addımlardan biridir. Bu gün Paşinyan Azərbaycanla münasibətlərdə öz səmimi, siyasi xəttini həm hakimiyyətini möhkəmlətmək üçün, həm də Ermənistan cəmiyyətini separatçı qüvvələrdən təmizləmək üçün istifadə etməlidir. Bu, regionda möhkəm sülhün əsasının qoyulması üçün olduqca vacibdir”.
Günel Verdiyeva
19:19 22.10.2025
Oxunuş sayı: 1323