Dövlət sərhədinin təhlükəsizliyi strateji əhəmiyyət daşıyır - Deputat

Bu gün Azərbaycan–İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür. 2020-ci ilin 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda regionun təhlükəsizlik arxitekturasını da əsaslı şəkildə dəyişdi. Müharibənin gedişində hər qarış torpağını mərdliklə azad edən Azərbaycan ordusu Zəngilan əməliyyatı zamanı mühüm strateji nəticə əldə etdi – İranla sərhədin 132 kilometrlik hissəsi işğaldan azad olundu.
Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam şəkildə nəzarət altına alındı. Bununla da uzun illər Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan sərhəd xətti yenidən bərpa olundu. Qısa zamanda ərazidə zəruri mühafizə infrastrukturu quruldu, sərhəd zastavaları fəaliyyətə başladı və bölgədə sabitlik təmin olundu.
Bu mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında deputat Könül Nurullayeva bu tarixi hadisənin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, dövlət sərhədinin təhlükəsizliyi strateji əhəmiyyət daşıyır və milli təhlükəsizliyin əsas tərkib hissəsidir: "Bu, ilk növbədə ölkənin suverenliyinin, milli təhlükəsizliyinin və iqtisadi rifahının qorunması deməkdir. Hər bir dövlətin öz sərhədinə nəzarət etməsi qaçaqmalçılıq, terrorizm, qeyri-qanuni miqrasiya kimi halların qarşısının alınması baxımından mühüm rol oynayır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar həm ölkə əhalisinin təhlükəsizliyini təmin edir, həm də qonşu dövlətlərlə münasibətlərin möhkəmlənməsinə xidmət edir.”
Deputat qeyd edib ki, işğal dövründə sərhədin bu hissəsinin nəzarətsiz qalması müəyyən təhlükələr yaradır, qanunsuz daşımalar və işğalın dəstəklənməsi kimi hallarla müşayiət olunurdu. Azərbaycan ordusunun qələbəsi nəticəsində bu təhdidlər tam aradan qaldırıldı.
K. Nurullayeva Prezident İlham Əliyevin “Azərbaycan-İran sərhədi dostluq sərhədidir” fikrini xatırladaraq vurğulayıb ki, bu sərhədin qorunması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın mühüm rəmzidir: "Sərhədin tam nəzarətə götürülməsi təkcə təhlükəsizlik deyil, həm də regional sabitlik və iqtisadi inkişaf baxımından mühüm nailiyyətdir. Bu addım Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar açdı.”
Nigar Yahyazadə
17:52 22.10.2025
Oxunuş sayı: 1867