Ramiz Mehdiyevin əməllərini ifşa etməyənlər qorxaq, simasız və təhlükəli adamlardır - Xeyrəddin Qoca

Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin uzun illər ərzində dövlət içində gizli təsir mexanizmi formalaşdırması, paralel idarəçilik strukturu yaratması və şəxsi ambisiyalarını milli maraqlardan üstün tutması, onu sadəcə keçmiş məmur yox, dövlətçilik prinsiplərinə zidd fəaliyyət göstərmiş təxtibatçıdır. O, real hakimiyyət piramidasını kölgədə saxlamağa çalışaraq milli institutları şəxsinə tabe etdirməyə çalışmış, qərarların legitim əsaslarla deyil, qrup maraqları çərçivəsində formalaşmasına zəmin yaratmışdır. Özünü dövlətin “beyni” kimi təqdim edən bu zərərli yanaşma əslində dövlətin dayaqlarını zəiflədən, idarəetməni formal strukturdan kənara çıxaran və institusional gücü xəyanətkar qrupun nəzarətə yönəldən model idi. Bu çərçivədə Ramiz Mehdiyevin fəaliyyəti artıq təkcə inzibati manipulyasiya deyil, dövlət içində dövlət yaratmaq cəhdi, yəni açıq siyasi xəyanət elementləri daşıyan bir prosesdir. O, uzun illər ərzində həm kadr siyasətinə müdaxilə ilə yeni elitaların formalaşmasını bloklamış, həm də ölkənin gələcək inkişaf modelini öz şəxsi təsir şəbəkəsinin maraqlarına uyğunlaşdırmağa çalışmışdır. Nəticədə dövlət institutlarının təbii inkişafı süni şəkildə ləngidilmiş, dövlətçilik prinsipləri isə şəxsi güc oyunlarının girovuna çevrilmişdir.
Mövzu ilə bağlı sabiq deputat, Azərbaycanın Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki sabiq baş konsulu, "91-lər"dən biri, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmiş Xeyrəddin Qoca Crossmedia.az-la fikirlərini bölüşüb:
"Mən görürəm ki, vaxtilə Ramiz Mehdiyevi tərifləyənlər indi onu güya tənqid edirlər. Bu insanlar xalqı aldadır, Prezident İlham Əliyevə və dövlətə xəyanət edə biləcək şəxslərdir. Mənim əsəbləşdirən odur ki, bu şəxslər yalan və boğazdan yuxarı danışırlar.
"Ramiz Mehdiyev 30 ildə bu xalqın yaddaşında natəmiz insan kimi iz qoyub. Bəzi deputatlar, jurnalistlər, vəzifəli şəxslər, dövlət adamları onun xəyanətləri haqqında danışmaq istəmirlər. Çünki vaxtilə onunla birgə əyri işlər görüblər, bir-birindən asılı vəziyyətə düşüblər. Jurnalistlər bəzi vəzifəli şəxslərə deyəndə ki, Ramiz Mehdiyev haqqında mövqeyinizi bildirin, onlar cavab verirlər ki, istintaqın nəticələrini gözləmək lazımdır. Hüququn bu qaydasını jurnalistlər onlardan yaxşı bilirlər. Belə çıxır ki, bunlar "ağıllıdırlar" jurnalistlər isə heç nə bilmirlər! Sadəcə onlar bəhanə edərək danışmaq istəmirlər. Çünki bütün dövlət orqanları, yazı-pozu insanları Ramiz Mehdiyevin cinayətləri haqqında danışdığı halda onlar bunu gizlətməyə çalışırlar. Əgər bütün mətbuat Ramiz Mehdiyevin dövlət çevrilişi və dövlətə xəyanət etmək fikrindən yazırsa deputatlar və vəzifəli şəxslər niyə danışmaq istəmirlər? Həmin adamlar sabah Azərbaycan dövlətinin başçısına da xəyanət edə bilərlər".
Sabiq deputat həmçinin qeyd edib:
"Bəziləri deyirlər ki, güya Ramiz Mehdiyev dövlətdə ikinci şəxs olub. Deməli bu adamlar Azərbaycan konstitusiyasına zidd danışırlar. Çünki Ramiz Mehdiyev heç zaman ikinci şəxs olmayıb. İkinci şəxs ya Baş nazir, ya da Milli Məclisin sədri olub. İndi isə ikinci şəxs Birinci vitse-prezidentdir. Mənə görə isə, həm də mən bunu heç də qərəzli demirəm, Ramiz Mehdiyev ikinci şəxs yox hər zaman sonuncu şəxs olub. Bu haqda mən bir neçə ildir televiziyada və mətbuatda çıxış edirəm. Və deyirəm ki, Ramiz Mehdiyev hər zaman dövlət başçılarına xəyanət edib, onlara badalaq vurmağa çalışıb. Çünki həmişə könlündən prezident olmaq keçib. O, bu dəfə çevriliş etmək planı quranda hakimiyyətin başında olan şəxsin Ümumilli lider Heydər Əliyevin oğlu olduğunu hesaba salmayıb. Ramiz Mehdiyev Qarabağın işğaldan azad edilməsinə də qətiyyən sevinməyib və münasibət bildirməyib. Bu da vətənə torpağa bağlı olmamaqdan irəli gəlir. Həm də Azərbaycan dövləti və xalqı onun millətinə qalib gəlib. Ramiz Mehdiyev əvvəllər də dediyim kimi Azərbaycanın FETO-dur. Onun çoxlu qol-qanadı olduğunu bilirik və ona bağlı insanların kökünü kəsmək lazımdır. Ramiz Mehdiyevin bütün təltifləri alınmalı, başqasının onun adına yazdığı "kitablar"ı yığışdırılmalıdır. "Dövlətin gücü və qüdrəti var, heç kim Azərbaycan dövlətinə ciddi problem yarada bilməz! Bunu hamı birdəfəlik bilməlidir".
18:11 22.10.2025
Oxunuş sayı: 1875