Gürcüstanın XİN başçısı: Azərbaycan-Ermənistan münasibətlərinin inkişafını alqışlayırıq

“Azərbaycan və Ermənistan arasındakı münasibətlərin inkişafını alqışlayırıq. Bizim üçün bu prosesi müşahidə etmək çox xoşdur”.
Crossmedia.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda yeni reallıq bölgəyə əlavə dəyər qatır.
“Bu gün regionda dinamika görürük və bu, şübhəsiz Cənubi Qafqaz üçün imkandır. Bölgəmiz kiçik olsa da, yalnız Avropa və Asiya üçün deyil, qlobal səviyyədə çox vacib regiondur”, - M.Boçorişvili söyləyib.
XİN başçısı bildirib ki, Gürcüstanı Azərbaycan və Türkiyə ilə onilliklərə söykənən strateji tərəfdaşlıq birləşdirir.
“Bu münasibətlər çox mühüm layihələrdə öz əksini tapıb və Orta Dəhlizə də əlavə dəyər qatır. Çox yaxşı və məhsuldar strateji tərəfdaşlığın böyük təcrübəsi əlbəttə ki, Gürcüstana Şərq və Qərb arasındakı bağlılıqda mühüm rol oynamaq üçün əlavə fayda verir. Biz Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edən Orta Dəhlizin inkişafında çox vacib rol oynamağa hazırıq”, - nazir əlavə edib.
13:33 22.10.2025
Oxunuş sayı: 907