Tbilisidə V İpək Yolu Forumu başlayıb, Əli Əsədov açılış mərasimində iştirak edir

Tbilisidə V yubiley İpək Yolu Forumu işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, Tbilisi Opera və Balet Teatrında forumun rəsmi açılış mərasimi keçirilir.
Tədbirdə Gürcüstan, Azərbaycan və Ermənistanın Baş nazirləri – İrakli Kobaxidze, Əli Əsədov və Nikol Paşinyan iştirak edir. Hökumət başçıları açılış nitqləri ilə çıxış edəcəklər.
İ.Kobaxidzenin himayəsi altında təşkil olunan, əsas mövzusu və şüarı “Bağlantıya investisiya yatırmaq – Sabitlikdə inkişaf etmək” (“Invest in Connectivity – Grow in Stability”) olan builki Tbilisi İpək Yolu Forumuna 73 ölkədən 2 minə yaxın nümayəndə qatılıb. Tədbir yüksək vəzifəli siyasi xadimləri, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələrini, eləcə də regiondan kənar ölkələrin nazirlərini, aparıcı qlobal şirkətləri, beynəlxalq maliyyə institutlarını və ekspertləri bir araya gətirib.
İki gün davam edəcək forumun ilk günündə qlobal ticarət, nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, energetika və rəqəmsal transformasiya mövzularında yeddi panel sessiyası təşkil olunacaq. Forum çərçivəsində sabah Tbilisi Maliyyə Sammiti keçiriləcək.
Qeyd edək ki, birinci Tbilisi İpək Yolu Forumu 2015-ci ildə baş tutub. Forum həm müxtəlif ölkələrin hökumətləri arasında dialoq, həm də dövlətlər, beynəlxalq təşkilatlar və biznes strukturları arasında çoxtərəfli əməkdaşlıq üçün yüksək səviyyəli beynəlxalq platforma kimi özünü təsdiqləyib.(Apa)
10:05 22.10.2025
Oxunuş sayı: 857