Hədəfimiz 100 milyard kubmetr qaz ixracına nail olmaqdır - Professor detalları açıqladı

"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
Azərbaycanla Türkmənistan arasında münasibətlər qədim tarixi, mədəni və iqtisadi bağlılıqlara əsaslanır. Bu gün iki ölkə arasında əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və qarşılıqlı etimada, ortaq maraqlara söykənir. Xüsusilə enerji sektoru və nəqliyyat-tranzit sahəsində birgə layihələr bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda perspektivli qaz və neft yataqlarının işlənməsi layihələrində iştirak etməkdə maraqlı olduğunu bəyan edib. Bu, təkcə iqtisadi əməkdaşlığın deyil, həm də regional inteqrasiyanın yeni mərhələyə keçidini göstərir. İki ölkənin enerji potensialının birləşdirilməsi həm Xəzər hövzəsində, həm də geniş mənada Avrasiya məkanında enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, tranzit və nəqliyyat sahəsində əməkdaşlıq da mühüm strateji əhəmiyyət daşıyır. Orta Dəhliz üzrə yüklərin hərəkətinin artması, Xəzər üzərindən logistika imkanlarının genişlənməsi, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni nəqliyyat dəhlizinin reallaşması bu istiqamətdə yeni imkanlar açır. Bu layihələr yalnız Azərbaycan və Türkmənistan üçün deyil, bütün regionun iqtisadi inkişafına və dayanıqlı tərəfdaşlıq əlaqələrinin formalaşmasına ciddi töhfə verir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Türkmənistanda qazla bağlı bütün layihələrimizin son 3–4 il ərzində böyük maraq doğurduğunu və bu marağın qarşılıqlı olduğunu qeyd edib:
"Söhbətə Türkmənistanla tarixi münasibətlərdən başlasaq, deməliyəm ki, təxminən iyirmi beş il öncə bu əlaqələrdə müəyyən soyuqluq müşahidə olunurdu. Bunun əsas səbəbi Xəzər dənizində enerji ehtiyatlarının yəni neft və qaz yataqlarının bölgüsü ilə bağlı fikir ayrılıqları idi.
Lakin nəticə etibarilə, təxminən dörd il öncə Xəzəryanı beş dövlət bu məsələ ilə bağlı razılığa gələrək mühüm bir saziş imzaladı. Uzun illər — təqribən iyirmi il davam edən danışıqlar nəticəsində əldə edilən bu razılaşma, Xəzərin hüquqi statusuna və resurs bölgüsünə dair bütün açıq suallara cavab verdi.
Bu sazişin əldə olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi rolu xüsusilə qeyd edilməlidir. Məhz onun siyasi iradəsi və diplomatik səyləri nəticəsində bu çoxillik məsələ müsbət həllini tapdı və region ölkələri arasında qarşılıqlı etimad mühiti formalaşdı.
Bununla yanaşı, həmin dövrdə yalnız Türkmənistanla deyil, həmçinin İranla da müəyyən fikir ayrılıqları mövcud idi. İran tərəfinin bir sıra tələbləri, eləcə də Rusiyanın mövqeyi danışıqları çətinləşdirirdi. Lakin sonda tərəflərin qarşılıqlı anlaşması sayəsində bu çətinliklər də aradan qaldırıldı".
Onun fikrincə, Xəzər dənizində bu razılaşmanın əldə olunması həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır: "Xüsusilə də qaz nəqli və tranziti sahəsində yeni imkanlar açır. Belə ki, Türkmənistan qazının Azərbaycan üzərindən daşınması nəticəsində ölkəmiz təkcə öz qazını ixrac etməklə deyil, həm də tranzit funksiyası vasitəsilə böyük həcmdə valyuta gəliri əldə edəcək.
Bu isə öz növbəsində Azərbaycanın qeyri-neft sektorunda valyuta axınını əhəmiyyətli dərəcədə artıracaq və iqtisadi şaxələndirməyə əlavə töhfə verəcək.
Bu proses hər iki ölkənin maraqlarına tam uyğundur. Türkmənistanda qaz ucuzdur və məlumdur ki, Türkmənistan dünyada qaz ehtiyatlarına görə ilk beşlikdə yer alır. Lakin Türkmənistanın əsas problemi qazı hasil edib ixrac etməkdədir. Hazırda işlək magistral xətləri yalnız Çin istiqamətindədir, həmçinin Rusiya ilə də qaz mübadiləsi (swap) mexanizmi mövcuddur. Bu səbəbdən Türkmənistan üçün öz qazını Azərbaycan vasitəsilə ixrac etmək olduqca maraqlıdır. Mən bunu dəfələrlə müxtəlif çıxışlarımda qeyd etmişəm.
Bu marağın əsas səbəbi ondan ibarətdir ki, Türkmənistanda ucuz qaz var, Azərbaycanda isə maliyyə imkanları, qaz boru xətləri, tranzit və texnoloji infrastruktur, eləcə də beynəlxalq standartlara uyğun texnologiyalar və ən əsası hazır alıcı bazar mövcuddur. Bu baxımdan məqsədimiz Türkmənistandakı qaz yataqlarından birgə şəkildə qaz hasil etmək, həmin qazı Azərbaycan vasitəsilə logistika və nəqliyyat marşrutları ilk növbədə qaz boru xətləri ilə dünya bazarlarına çıxarmaqdır. Qeyd etmək istərdim ki, son 5 ildə Azərbaycanda multimodal nəqliyyat sistemləri də uğurla fəaliyyət göstərir və bu infrastrukturdan da istifadə mümkündür".
Professor söyləyib ki, bu əməkdaşlıq həm iqtisadi, həm də strateji baxımdan çox maraqlıdır: "Təbii ki, Azərbaycan öz qazı ilə yanaşı, Türkmənistan qazını da xarici bazarlara kifayət qədər asan və sürətli şəkildə çatdıra bilər. Bunun üçün bütün imkanlar mövcuddur və biz bu istiqamətdə birgə fəaliyyətə maraqlıyıq. Artıq bir neçə ildir ki, bu sahədə iki dövlət başçısı səviyyəsində siyasi qərarlar qəbul edilib, iqtisadi zəmin və maliyyə imkanları formalaşıb, texniki baxımdan isə infrastruktur tam hazır vəziyyətdədir. Zərurət yaranarsa, qaz borularının ötürücülük gücünü artırmağa da tam hazırıq. Əsas məqsəd Türkmənistanın bol qaz ehtiyatlarından səmərəli istifadə edərək həmin qazı beynəlxalq bazarlara çıxarmaqdır. Mən dəfələrlə vurğulamışam ki, biz Türkmənistanla birlikdə Xəzər dənizinin dibi ilə Trans-Xəzər qaz boru kəmərinin tikintisi barədə layihə üzərində düşünürük. Bu kəmər vasitəsilə qazı həm Orta Dəhliz marşrutu ilə, həm də digər istiqamətlərdə yerləşən ölkələrə ixrac etmək mümkündür.
Hazırda Avropa qaz baxımından ən çox tələbatı olan regiondur. Biz bu ehtiyacın təxminən 13–14 milyard kubmetr hissəsini təmin edirik. Bu, Avropa üçün çox böyük rəqəm sayılmasa da, biz bu həcmi rahatlıqla iki dəfə artıra bilərik. Artıq qərar da qəbul olunub ki, 2027-ci ilə qədər qaz ixracımız 27 milyard kubmetrə çatdırılsın. Əgər Türkmənistan qazı da bu layihəyə uğurla inteqrasiya olunsa, yaxın gələcəkdə bu həcmi ikiqat artıraraq 50–60 milyard kubmetrə çatdırmaq mümkündür".
Professor həmçinin uzunmüddətli hədəfimizin 100 milyard kubmetr qaz ixracına nail olmaq olduğunu bildirib:
"Əgər bu qazı Avropaya çatdıra bilsək, bu, Avropanın ümumi qaz tələbatının təxminən 20 faizini ödəmək demək olacaq. Bu, bir tərəfdən Azərbaycanın qeyri-neft sektorundan gəlir əldə etməsi, digər tərəfdən isə Avropa İttifaqı ilə, eləcə də ayrı-ayrı ölkələrlə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi deməkdir.
Bütün tərəflər bu əməkdaşlıqdan faydalanır və inanıram ki, gələcəkdə razılıq və qarşılıqlı məmnunluq daha da artacaq".
Elmir Heydərli
14:37 11.10.2025
Oxunuş sayı: 4280
