İran Parlamenti rialdan dörd sıfırın silinməsini təsdiqləyib

İran Parlamenti milli valyuta – rialdan dörd sıfırın silinməsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, İran mediasının məlumatına görə, təşəbbüsə 144 deputat səs verib, 108 nəfər əleyhinə çıxıb, 3 nəfər isə bitərəf qalıb.
İslahatlara baxmayaraq, İranın valyutası hələ də rial olaraq qalacaq və keçid dövrü iki il davam edəcək. Mərkəzi Bank qanunun qüvvəyə mindiyi andan etibarən üç ay ərzində icra göstərişlərini hazırlamalıdır.
Parlamentin iqtisadi komissiyasının rəhbəri Şəmsəddin Hüseyni bildirib ki, bu qərar uzun illər davam edən inflyasiyaya və hesablaşmalardakı çətinliklərə cavab olaraq qəbul edilib: “Sıfırların silinməsi əskinazların effektivliyini artıracaq və maliyyə əməliyyatlarını sadələşdirəcək. Bu gün rial sıfırların sayına görə ən zəif valyutalardan biridir və bu, iqtisadiyyata mane olur.”
O, bu addımın tamhüquqlu pul-kredit siyasəti olmadığını, lakin son illərdə yığılıb qalan texniki və hesablaşma problemlərini aradan qaldırmaq üçün zəruri tədbir olduğunu vurğulayıb.
18:50 05.10.2025
Oxunuş sayı: 3056