Paşinyan: Ermənistanın yeni AES bloku üçün seçimində siyasi məna yoxdur

Ermənistan yeni atom elektrik stansiyası blokunun texnologiyasını seçərkən
siyasi maraqlar güdmür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazir
Nikol Paşinyan yerli mediaya açıqlamasında bildirib.
Belə ki, hazırda Ermənistan Rusiya, ABŞ, Çin, Cənubi Koreya və Fransa
ilə danışıqlar aparır. Ekspert qrupları müxtəlif ölkələrdə obyektləri ziyarət
edir və qiymətləndirmə aparır. Qərarın 1–2 il ərzində veriləcəyi gözlənilir.
Paşinyan deyib ki, danışıqlar zamanı tərəfdaş ölkələr Ermənistanın
digər dövlətlərlə də paralel müzakirələr aparmasına etiraz etməyib. Onun sözlərinə
görə, imzalanan bəzi memorandumlar yekun öhdəlik kimi qəbul edilsə də, əslində
məqsəd yalnız müxtəlif təklifləri toplamaq və təhlil etməkdir.
Baş nazir vurğulayıb ki, əsas hədəf münasib qiymətə, maksimum təhlükəsiz
və tezliklə özünü doğruldacaq kiçik modullu reaktor əldə etməkdir:
“Bizim seçimimizdə heç bir geosiyasi məna yoxdur. Məqsədimiz yalnız ən
yaxşı texnologiyanı ən əlverişli şərtlərlə əldə etməkdir”.
22:20 01.10.2025
Oxunuş sayı: 623