ABŞ-də federal hökumət bağlanır

ABŞ-də Demokratlar və Respublikaçılar arasında büdcə ilə bağlı razılıq əldə olunmadığı üçün federal hökumət rəsmi olaraq fəaliyyətini dayandırır. Belə ki, senat Demokratları Respublikaçıların təqdim etdiyi layihəni 55-ə qarşı 45 səslə bloklayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Ağ Ev federal qurumların bağlanması ilə bağlı göstəriş verib. Ağ Evin Büdcə Direktoru Rassell Vout hökumət idarələrinin rəhbərlərinə “bağlanma planlarını dərhal tətbiq etmələri” barədə tapşırıq göndərib. Bundan əlavə, qurumlardan kütləvi ixtisarlar yolu ilə işçi sayının daimi azaldılmasına dair plan hazırlamaları tələb olunub.
Kongres Büdcə Ofisinin məlumatına görə, bu proses təxminən 750 min federal işçinin məcburi ödənişsiz məzuniyyətə göndərilməsinə səbəb olacaq.
Qanunvericiliyə əsasən, ABŞ hökuməti hər il 1 oktyabradək yeni büdcə qəbul etməlidir. Əgər büdcə təsdiqlənməsə, dövlət xərclər üçün vəsait ayıra bilmir və nəticədə hökumət fəaliyyətini dayandırır.
Qeyd edək ki, senatda hər iki tərəfin layihəsi lazımi səs çoxluğunu toplaya bilməyib.
Federal hökumətin bağlanması zamanı əsas xidmətlər istisna olmaqla bütün fəaliyyətlər dayandırılacaq. Vacib hesab olunmayan dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndəriləcək. Ordu, xüsusi xidmət orqanları, dövlət xəstəxanalarının tibb heyəti, hava limanları və həbsxanalardakı təhlükəsizlik işçiləri fəaliyyətini davam etdirəcək. Lakin onlar da maaşlarını yalnız yeni büdcə qəbul edildikdən sonra ala biləcəklər.
Fatimə Məmmədova
14:10 01.10.2025
Oxunuş sayı: 1001