Professor: "Media savadlılığı həyat tərzinə çevirilməlidir"

İnformasiyanın silaha çevrildiyi dövrdə media savadlılığı cəmiyyətin ən önəmli müdafiə qalxanına çevrilir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirdi ki, Azərbaycan bu sahədə sistemli yanaşma nümayiş etdirir. Sosial şəbəkələrdə və uşaqlar arasında da media savadlılığının artırılmasına xüsusi diqqət yetirilir.
Media savadlılığının cəmiyyət həyatındakı rolu və təsirləri barədə Crossmedia.az-a danışan Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, media savadlılığı bu gün təkcə bizim üçün deyil, bütün dünya xalqları üçün ciddi və aktual məsələdir: “İnformasiya cəmiyyətində yaşayan hər bir vətəndaşın medianın təqdim etdiyi məlumatların doğru olub-olmadığını dəyərləndirməyi bacarması vacibdir. Əgər insan informasiyanın hansı meyarlarla qiymətləndirildiyini bilmirsə, onunla qarşılaşdığı xəbərin doğruluğunu düzgün təhlil edə bilmir və çox zaman ilk təqdim olunan versiyanı olduğu kimi qəbul edir.
Sonradan isə aydın olur ki, sosial şəbəkələrdə yayılan həmin informasiya ya tamamilə saxtadır (yəni "fake xəbərdir"), ya da heç bir rəsmi mənbəyə əsaslanmayan, yoxlanılmamış məlumatdır. Bu da cəmiyyətdə çaşqınlıq yaradır və ictimai rəyi manipulyasiya etməyə imkan verir.
Məhz bu səbəbdən cəmiyyətin maarifləndirilməsi, insanların media savadlılığının artırılması son dərəcə önəmlidir. İnsanlar əldə etdikləri məlumatı təhlil etmədən, mənbəsini araşdırmadan, dəqiqliyinə əmin olmadan ona inanmalı deyillər”.
Professor onu da vurğulayıb ki, bu gün ölkəmizdə bu istiqamətdə müsbət addımlar atılır: “Artıq universitetin demək olar ki, bütün fakültələrində media savadlılığı kursu keçirilir. Bu təşəbbüs yalnız tələbələr üçün deyil, həm də media nümayəndələri xüsusilə jurnalistlər üçün olduqca vacibdir. Bəzən elə düşünülür ki, jurnalistlər bu sahədə tam hazırlıqlıdır. Amma əslində bu, belə deyil. Media qurumlarında çalışanların böyük bir qismi xüsusilə sosial şəbəkələrdə və müxtəlif xəbər saytlarında fəaliyyət göstərən şəxslər jurnalistika təhsili almamış şəxslərdir. Bu isə onların informasiya ilə peşəkar şəkildə davranmaq bacarığını ciddi şəkildə məhdudlaşdırır. Əslində, jurnalistika təhsili özü media savadlılığının əsas bazasını təşkil edir. Bu sahədə təhsil alan şəxslər məlumatın dəqiqliyini, balanslı təqdimatını, obyektivlik prinsipini və mənbə etibarlılığını dərindən mənimsəyirlər. Lakin təəssüf ki, bu peşə standartları mediada çalışan hər kəsə xas deyil”.
C. Məmmədli sonda vurğulayıb ki, media savadlılığının artırılması üçün xüsusi diqqət yetirilir: “Hikmət müəllim də bu barədə çox yerində və dəqiq fikirlər səsləndirib. Eyni zamanda, Prezident İlham Əliyev Şuşada keçirilən Media Forumunda çıxışı zamanı süni intellektin mediaya təsiri və medianın inkişafı ilə bağlı çox önəmli mesajlar verdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycanda medianın güclənməsinə və inkişafına yüksək səviyyədə dəyər verilir. Biz də bu çağırışlar ətrafında daha sıx birləşməli, informasiya təhlükəsizliyimizi qorumaq və sağlam ictimai rəy formalaşdırmaq üçün media savadlılığını həyat tərzinə çevirməliyik”.
Həmayıl Şükürlü
14:14 21.07.2025
Oxunuş sayı: 847