Suçiçəyi haqqında nələri bilirik ?

Suçiçəyi (varisella) — varisella-zoster virusu tərəfindən törədilən, yüksək yoluxucu infeksion xəstəlikdir. Bu virusun yenidən aktivləşməsi zona (herpes zoster) xəstəliyinə səbəb ola bilər.
Virusla təmasdan sonra inkubasiya müddəti adətən 10–21 gün arasındadır. Xəstəlik əsasən döş, bel və üz nahiyəsində başlayan səpgilərlə başlayır, daha sonra bədənə yayılır. Bu dövrdə qızdırma, baş ağrısı, yorğunluq və boğaz ağrısı da müşahidə olunur. Səpgilər çıxmazdan əvvəlki 1–2 gün ərzində və səpgilər qabıq bağlayana qədər xəstəlik yoluxucu qalır.
Ən çox uşaqlarda rast gəlinməsinə baxmayaraq, böyüklər, hamilə qadınlar, immun sistemi zəif olanlar və yeni doğulmuş körpələr üçün suçiçəyi daha təhlükəli ola bilər. Bu hallarda xəstəlik daha ağır keçir və sətəlcəm, ensefalit və bakterial dəri infeksiyaları kimi fəsadlar yaranma riski artır. Hamiləlik dövründə virus transplasental yolla dölə keçərək doğuşdan əvvəl və ya sonra körpədə ciddi ağırlaşmalara səbəb ola bilər.
Diaqnoz adətən klinik əlamətlərə əsasən qoyulur, lakin polimeraz zəncirvari reaksiya (PZR) analizləri ilə vezikulyar maye və ya qabıq nümunələri yoxlanılaraq təsdiqlənə bilər. Antikor testləri vasitəsilə immun statusu da müəyyən etmək mümkündür. Yenidən yoluxma hallarına nadir rast gəlinir və adətən daha yüngül keçir.
1995-ci ildən etibarən istifadəyə verilmiş vaksin sayəsində suçiçəyinə qarşı effektiv profilaktika mümkün olub. Vaksinasiya halların 70–90%-ni, ağır formaların isə 95%-ni önləyir. Uşaqlar üçün rutin peyvənd tövsiyə olunur və təmasdan sonra 3 gün ərzində vaksin vurulması ilə infeksiyanın gedişi yüngülləşdirilə bilər. Peyvənd sayəsində “sürü immuniteti” formalaşaraq cəmiyyət miqyasında yoluxma hallarının azalmasına səbəb olub.
Suçiçəyi immunitet sistemində həm humoral, həm də hüceyrə vasitəli cavab yaradır. Varisella infeksiyası zamanı immun sistem bədəni qorumaq üçün üç əsas növ antikor (yəni viruslara qarşı müdafiə zülallar ) yaradır: IgM, IgA və IgG. İlk olaraq IgM antikoru yaranır, bu bədənə virusu tanıtmaqla erkən müdafiəni təmin edir. Ardınca IgA selikli qişalarda fəaliyyət göstərərək, ağız, burun və tənəffüs yollarında virusun yayılmasının qarşısını alır. Nəhayət, IgG antikoru formalaşır və ömür boyu qalaraq uzunmüddətli immuniteti təmin edir. İlk yoluxmadan sonra varisella virusu sinir uclarına yerləşərək orada gizli vəziyyətdə qalır və illər sonra immun sistem zəiflədikdə yenidən aktivləşərək zona xəstəliyinə səbəb ola bilər.
Suçiçəyi peyvəndi xəstəliyin qarşısını almaqda və yoluxma halında daha yüngül keçməsində əhəmiyyətli rol oynayır. Peyvənd adətən iki mərhələdə edilir: birinci doza 12–15 aylıqda, ikinci doza 4–6 yaş arasında. Peyvənd olunmamış və ya immun sistemi zəif olan şəxslər daha ciddi fəsadlarla üzləşə bilər.
Xəstəliyin müalicəsi simptomları yüngülləşdirmək məqsədi daşıyır. Parasetamol qızdırmanı azaltmaq üçün istifadə olunur, antihistamin preparatlar və kalamin losyonu isə qaşınmanın qarşısını almağa kömək edir. Bol maye qəbul etmək və istirahət etmək tövsiyə olunur. Ağır hallarda həkim antiviral dərmanlar təyin edə bilər.
2024-cü ilin yanvar–may aylarında Azərbaycanda suçiçəyinə 15 406 nəfər yoluxub. Bu göstərici 2025-ci ilin eyni dövründə 17 595 nəfərə yüksəlib, yəni 2 189 nəfər artım qeydə alınıb. 2025-ci ildə yoluxanların 9 190 nəfəri kişi, 8 405 nəfəri qadın, 15 602 nəfəri isə 17 yaşadək uşaqlardır.
Yoluxma sayının artması bir neçə amillə əlaqələndirilir: peyvəndlənmənin könüllü əsasda aparılması, kollektiv mühitlərdə gigiyena qaydalarına tam riayət olunmaması və xəstəliyin ilkin əlamətlərinə əhəmiyyət verilmədən uşaqların tədris müəssisələrinə göndərilməsi. Bu tendensiyanı dayandırmaq üçün profilaktik tədbirlərin gücləndirilməsi, peyvəndlənmənin təşviqi və maarifləndirmə işlərinin artırılması vacibdir.
Əgər xəstədə yüksək və davamlı qızdırma, nəfəs darlığı, səpgilərdə irin və qızartı, eləcə də sinir sistemi ilə bağlı pozuntular müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalıdır.
Nəzrin Salmanova
11:45 14.07.2025
Oxunuş sayı: 804