Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

"Dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan, Azərbaycanın ayrılmaz hissəsi Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlərlə zəngindir. Həmin abidələrdən biri də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”dir. Qürurverici haldır ki, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın mədəni irsi kimi artıq dünya miqyasında da tanınır. 11 iyul 2025-ci il tarixində UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında ölkəmiz tərəfindən təqdim olunan “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu uğur bütün xalqımız üçün böyük sevinc və qürur doğurur.
Ordubad rayonunun ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Minilliklər öncədən bu günə qədər qorunub saxlanılan qayaüstü təsvirlər - həyat, təbiət, insan və inancla bağlı izlər - sadəcə sənət nümunələri deyil, həm də milli yaddaşımızın daşıyıcılarıdır. Bu qayaüstü rəsmlər bizim kimliyimiz, mənəvi dəyərlərimiz, qədim dünyagörüşümüz haqqında zəngin mənbədir. Uzun illər əzində tarixin sirlərini özündə gizlədən Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə başlanıb. Xalqımızın tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, təəssüflər olsun ki, Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlər də 1980-ci illərin sonlarından unudulmağa başlanıb, tədqiqat işlərinə ara verilib. Erməni tərəfi bundan istifadə edərək tarixi yenə də saxtalaşdırmağa cəhdlər ediblər. Amma dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində onlar istədiklərinə nail ola bilmədilər. “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi də bunun bariz sübutudur.
Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşən Gəmiqayada daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Gamışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb. Burada 2000-dən çox daş üzərində 7000-dən çox qayaüstü təsvir öyrənilib. Göygöl Zəngəzur silsiləsinin cənub yamacındadır. Sahəsi 1,5 hektar, dərinliyi 6,5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən təqribən 3000-3500 metr yüksəklikdə dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə 7 metrdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül dövründən xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcək. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olub. Buna görə də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır. Bundan sonrakı mərhələdə də Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək.
Milli Məclisin deputatı bildirib ki, bu ərazinin beynəlxalq təşkilat tərəfindən qorunmağa layiq hesab edilməsi regionun təkcə təbii gözəlliyi ilə deyil, həm də tarixi, arxeoloji və mədəni dəyəri ilə tanınması deməkdir. Gəmiqaya təkcə Ordubadın deyil, bütün Azərbaycanın qədimliyini və bəşəriyyətə bəxş etdiyi dəyərləri təcəssüm etdirən canlı irs nümunəsidir. Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edən bu mühüm hadisə bizim keçmişimizə verilən dəyər, gələcək nəsillərə ötürəcəyimiz bir mirasdır.
18:55 12.07.2025
Oxunuş sayı: 1058