Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi: "Klassik jurnalistika böyük siyasətin qurbanına çevrilib" - MÜSAHİBƏ

Jurnalistika ictimai rəy yaratmaq sənətidir. Bu mənada istənilən cəmiyyətdə və dövlətdə medianın xüsusi rolu var. Bu il Azərbaycan jurnalistikasının 150 illik yubileyi tamam olur. Bu münasibətlə Crossmedia.az Azərbaycan mətbuatının ünlü simaları ilə müsahibələri davam etdirir.
Bu dəfəki həmsöhbətimiz Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi (1993-1994-cü illər), politoloq, Əməkdar jurnalist Tofiq Abbasovdur.
- Tofiq müəllim, Azərbaycan media sisteminin hazırkı durumunu, ötən yarım əsrdə keçdiyi yolu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatı XIX- XX əsrlərdə mühüm yol keçib. Fikrimcə, Azərbaycan mətbuatı əslində 150 illik yox, 200 – 300 illik tarixə malikdir. Belə ki, Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu “Əkinçi” qəzetindən əvvəl də Azərbaycanda maarifçilik, söz və qələmlə xalqa xidmət edən ziyalılar olub. Yəni mən Azərbaycan mətbuat tarixini sadəcə 150 illə məhdudlaşdırmağın tərəfdarı deyiləm. Belə başa düşülməsin ki, əsr yarım əvvəl kimsənin əlində qələmi, ideyası olmayıb. Bunlar olub. Sadəcə çar Rusiyası aəzrbaycanlı ziyalıları mümkün qədər ləngidib və nəhayət, çıxılmaz vəziyyətə düşdüksən sonra bizim hüquqlarımızı tanımalı olublar. Əlbəttə, biz müttəfəkirlərimizin hər birinə minnətdar olmalıyıq. Çünki onlar, həqiqətən, çox böyük, misilsiz işlər görüblər. Ən böyük inqilablar səssiz inqilablardır. Həmin ziyalılar- Zərdabinin silahdaşları bu səssiz inqilabın daşıyıcıları idilır. Onlar insanları məlumatlı olmağa çağırırdılar. Məlumatlı olan həmişə işlək vəziyyətdə olur, ideya və qayələrinə sadiq qalır, mübarizə aparır. Biz o dövrdən etibarən hərəkətli bir yoldayıq. Yol həmişə əhvalatlardır, hadisələrdir, qeyri-adi situasiyalardır və belə yollarda bir çox mənəvi -psixoloji keyfiyyətlər üzə çıxır. Bu yollarda müxtəlif imtihan və sınaqlara hazırlığı müəyyən edilir. Biz bu yolu şərəflə keçmişik. Əks halda gəlib bu günə çıxmazdır. Yəni biz geridə qoyduğumuz 150 ildə qarşımıza çıxan bütün maneələri dəf etmişik. Məşhur filosof Fridrix Nitşe deyirdi ki, bizi öldürməyən çətinliklər bizi daha güclü edir. Mətbuat insanları oyadır, insanları çağırışlarla hərəkətə gətirir. Mətbuat insanlara hansı proseslərin baş verdiyini izah edir, nələri qarşımıza məqsəd qoymaq lazım olduğunu izah edir.
- Bu gün süni intellekt bir çox sahə kimi jurnalistikaya da ciddi təsir etməkdədir. Artıq bir çox redaksiyalarda materialların hazırlanması süni intellektə həvalə edilir. Bu tendensiya nə qədər narahatedicidir? Jurnalistika gələcəkdə bir peşə kimi tamamilə sıradan çıxa bilərmi?
- Düzü, mən bu məsələ ilə bağlı bədbinəm. Birincisi, ona görə ki, süni intellekt insanı tam əvəz edə bilmir. “Süni intellekt” terminindəki “süni” sözü göstərir ki, bizim bacardığımız heç də hər şeyi robot edə bilməz. Düzdür, süni intellekt hansısa məqamda, hansısa bir tərzdə nəyisə əvəz eləyə bilər. Amma müəllifləri heç vaxt tam əvəzedə bilməz. Bilirəm ki, bu tendensiya əslində insanları narahat edir. Həmişə yeni nə isə olanda ciddi nikbinlik yaranr. Onunla bağlı dəb-dəbəli fikirlər, ideyalar iləri sürülür. Bildirilir ki, bu, artıq inqilabi bir dönüşdür. Amma mən bu fikirdə deyiləm. Hesab edirəm ki, müəllifin, yazarın rolunu heç bir şey, heç bir kəs, heç bir tapıntı əvəz edə bilməz. Jurnalistikanın bir peşə kimi sıradan çıxacağına isə inanmıram. Çünki jurnalistikanın özünün cəmiyyətdə xüsusi yeri var. Bu missiyanı başqa heç nə, o cümlədən də süni intellekt icra edə bilməz. Amerikalı müəlliflərdən biri deyir ki, hələ o məqalə yazılmayıb ki, onu başqaları daha yaxşı formada yazsınlar. Yəni, həmişə keyfiyyətin üzərində daha yüksək keyfiyyət var. İnsan öz gündəlik həyatında da bunu həmişə müşahidə edir. Jurnalistika cəmiyyətdə güzgü rolunu oynayır. Yəni bizi bizə yenidən tanıdır. Jurnalistikada, həqiqətən də, qeyrətli, nüfuzlu və vicdanlı insanlarımız çoxdur. Amma həm də onların antipodları da var. Onlar jurnalistikaya qulluq etmirlər. Əksinə, jurnalistikaya mənfəət kimi baxırlar. Bu, iyrənc yanaşmadır. Gərək həmişə belə adamlardan uzaq olaq.
- Mövcud reallıqlara və perspektivə uyğun olaraq ali məktəblərin jurnalistika fakültələrində tədris prosesinsə hansı dəyişikliklərə ehtiyac var?
- Əgər bir insan, həqiqətən də, peşəsinə sədaqətlə çıxış edirsə, onun həmişə dəyişilən şəraitə, vəziyyətə öz yanaşması olur. Hər bir insan özü ilə islahatlar keysi gətirir. Onunla tanış olduqdan sonra birmənalı nə isə demək düzgün yanaşma deyil. Hər bir ideyanın özündə bayağı olsa da, ümidverici, pozitiv bir çalar olur. Ona görə də hər məsələyə diqqətlə yanaşmaq lazımdır. Jurnalistika rəngarəng sahədir. Çünki insanlardan asılıdır, insanlar da özlərinin şəxsi keyfiyyətlərini, bacarıqlarını bu peşəyə gətirirlər. Mən BDU-nun Jurnalistika fakültəsində professorlar Tofiq Tüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi kimi insanlardan dərs almışam, onların “əlindən su içmişəm”. Onların timsalında görmüşəm ki, insan seçdiyi peşəyə sadiq olursa, peşəkarlıq zirvələrini zərrə qədər olsa da genişləndirir. Bax, bu, əsl peşəkarlıqdır. Ona görə də hər bir kəsə dəyərlə, diqqətlə yanaşmaq lazımdır, dediyini də nəzər almaq lazımdır. Ola bilsin, bugünlərdə deyilən bir yeni yanaşma bugün üçün deyil, onun hələ vaxtı çatmayıb. Amma gələcəkdə o çox vacib bir transformasiyalara səbəb ola bilər. Ona görə də hər bir şəyə diqqətlə yanaşmaq lazımdır.
- Tofiq müəllim, gənclər nədənsə televiziyaya daha çox maraq göstərirlər. Bu həvəs nə ilə bağlıdır? Qəzet jurnalistikasına niyə maraq yoxdur?
- Vaxt ötdükcə insanların vərdişləri də dəyişir. Məsələn, televiziyada çalışan həmkarlarımız elə bilirlər ki, onlar daha vacib bir iş görürlər. Hərçənd mən, bunun əksini düşünürəm. Mən 80-ci illərin əvvəllərində jurnalistika fakültəsində televiziya ixtisası üzrə hazırlıq keçirdim. Televiziya jurnalistikasına hazırlanmış kadr idim. Buna baxmayaraq, qətiyyən hesab etmirdim ki, televiziya mütərəqqi bir sahədir və qəzeti, radionu üstələyir. Elektron jurnalistikada qrammatik, üslub səhvləri kifayət qədərdir. Bunları başa düşmək olar. Amma insanı öyrədən televiziya jurnalistikası deyil, yazı jurnalistikasıdır. Əsl, klassik jurnalistika qələmdən başlayır. Yəni insan öz fikrini, yanaşmasını vərəqə həkk etdikdən sonra qəlbində nə olduğunu, qabiliyyətini göstərə bilir. Televiziyada şou elementləri var. Yaxud da pauza ilə, emosional müdaxilə ilə vəziyyətdən çıxmaq olar. Amma yazı jurnalistiksında bu yoxdur. Yazı jurnalistikası həmişə bizdən nəyi tələb edir? Konkretliyi, dəqiqliyi və müəllif fikrini. Bax, orada biz artıq nəyə qadar olduğumuzu göstərə bilirik. Mənə görə ikinci yerdə radio jurnalistikasıdır- vacibliyinə və məktəb xüsusiyyətlərinə görə. Çünki orada sən və mikrofon olur. Televiziyada isə sən hansısa mimika ilə, təbəssümlə fikri çatdıra bilərsən. Amma həm mətnin steneoqramasını çıxaranda görürsən ki, nə qədər boşluqlar var. Çap jurnalistikası mənim üçün hər şeydən üstündür. Sözün, cümlənin sehri, cazibədəsi heç nə ilə əvəz oluna bilməz. Mən jurnalisika fakültəsini bitərəndə çap mətbuatında üstünlük qeyri – azərbaycanlılarda idi. Bu mənə təsir edirdi. 80-ci illərdə peşəkar jurnalistikaya gəlmişəm. O zaman Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin rəhbəri Elşad Quliyev idi. Mən özümü həmişə onun kadrı hesab etmişəm. O, mənə gələcək fəaliyyətim üçün bir növ bildiriş verdi. Televiziyaya gələndən sonra ikinci arzum özümü çap jurnalistikasında sınamaq olub. Televiziya proqramları bəzən yüngül mənəvi – psixoloji kapital hesabına başa gəlir. Amma çap jurnalistikasında sən gərək özünü daxilən səfərbər edəsən və nəyə qadir olduğunu göstərəsən. Bu məsələlərdə fərdi keyfiyyətlər də özünü göstərir. Müasir dövrdə isə televiziyaya üstünlük verənlər heç də az deyillər. İndi, demək olar, hər yerdə - ictimai nəqliyyatda, kafedə, evdə hər kəs telefonla televiziya kanallarını izləyir. İndi bu, həm də zamanın gedişatı ilə, xüsusiyyətləri ilə əlavəldir. Çünki insanların ən böyük, ən vacib, ən dəyərli resursu onların vaxtıdır. Zaman hər kəsə eyni qədər verilir. Amma kim səmərəli istifadə edirsə, o da qazanclı çıxır. Ona görə də insanlar çalışırlar vaxtlarına qənaət eləsinlər. Qəzet oxumaq, elektron jurnalistikaya baş vurmaq isə bir qədər vaxt alır. Yazı jurnalistikası ümumilikdə böyük bir məktəbdir. Jurnalistika yazıdan başlayıb.
İkinci, üç əsr, iki əsr bundan əvvəl televiziya olmayıb, televiziyanın ən yaxşı halda 100 yaşı var. Ona görə də hesab edirəm ki, jurnalistika fakültələrində yazı jurnalistikasına xüsusi fikir verilməlidir. Yazı qabiliyyəti özü, yəni yazı peşəkarlığı gərək həmişə inkişafda olsun. İkinci bir tərəfdən, nəzərə almaq lazımdır ki, dövri mətbuatla hər şeyi əhatə etmək olmur. Kitablar yazılır, təhlillər, monoqrafiyalar ortaya qoyulur. Odur ki, bu məsələlərin hər birinə diqqətlə yanaşmaq lazımdır.
- Siz həm də politoloqsuz. Necə düşünürsünüz, jurnalistika siyasəti ifadə edə bilirmi?
- Biz cavanlıq dövrümüzdə Moskvaya köklənirdik. O dövrdə çox ciddi adamlar var idi. Onlar xüsusi hazırlıq məktəbi keçirdilər. Sonra televiziya ekranlarına göndəriş alır və hadisələri şərh edirdilər. O dövr üçün "siyasi jurnalistika", "xarici jurnalistika" terminləri var idi. Bu anlayışlar bir qədər sonra tam oturuşdular. Demək olar, hər işdə siyasi trendlər, ən azından onların işartısı var. Siyasi elmlərə gəldikdə isə deməliyəm ki, bəzi elmlər, trendlər arasında sərhədlər çox kövrəkdir. Məsələn, biz Azərbaycanın daxili proseslərdən danışanda ölkə hüquqlarından kənara da çıxmalı oluruq. Bu, qonşuluq siyasəti, milli maraqların müdafiəsi ilə bağlı məsələlərdir. Siyasi təfəkkür olmadan o prosesləri şərh eləyənlər, onlarla bağlı təhlil yazanlar görürsən ki, bəzi hallarda bir qədər sadəlövh, dayaz görünürlər, qeyri-pəşəkar anlayışı formalaşdırırlar. Ümumiyyətlə, jurnalistika elə bir sahədir ki, gərək hər şeydən məlumatlı olasan. Belə olsa, düzgün təhlil də verə bilərsən. Boşluqlar isə həmişə özünü göstərir.
- Klassik jurnalistikaya görə jurnalistlər obyektiv, qərəzsiz olmalıdır. Amma bu gün media sanki daha çox manipulyasiya ilə məşğuldur. Bu ziddiyyət barədə nə düşünürsünüz?
- Artıq multimedia dövrüdür. İsrail-İran müharibəsi zamanı İranın keçmiş prezidenti Əhməd Nejatın parkda gəzdiyi vaxt öldürüldüyünə dair məlumat yayıldı. Bir çox KİV orqanı bunu gündəmə gətirdi. Məsələ burasındadır ki, dünyada hərbi toqquşmaların hər biri informasiya müharibəsi ilə müşayət olunur. Azərbaycan da informasiya müharibəsi aparır. 80- ci illərin sonlarında ermənilərin mənfur siyasəti başlanandan sonra oyunda olduğumuzu anladıq və hücuma keçməli olduq. Erməni ordusu həmişə- hələ XIX əsrdən bəri saxta xəbərlər yayıb. Onların elmi də psevdo elmdir. Azərbaycan jurnalistikasının mahiyyəti həmin yalanları təkzib etməkdən və manipulyasiyalara yol verməməkdən ibarət olmalıdır. Kəşfiyyat orqanları da həmişə mətbuatdan istifadə ediblər. Sovet dövründə də bu müşahidə olunurdu. Manipulyatorlar o zaman, məsələn 10 məlumatdan ibarət blok hazırlayırdı. Onların 8-9-u dəqiq, qalanları saxta xəbər olurdu. Beləliklə, sanki dezinformasiyadan inqridient kimi istifadə olunurdu. İnsan qulaq asanda düşünürdü ki, digərləri doğrudursa, yəqin, bu da doğrudur. Bəs nə etməliyik ki, aldanmayaq? Birincisi, bir mənbə ilə kifayətlənmək olmaz. İkincisi,
informasiyanı alıb- ötürməkdə, hazırlamaqda tələskənliyə yol vermək olmaz. Eyni zamanda həm də şüuraltı proses işə düşməlidir. Özümüzə sual verməliyik: bu nə qədər doğru ola bilər? İnsan həm də gərək öz intiusiyası daxili aləminin səsi ilə bu məsələyə yanaşsın. Elə düşünürəm ki, peşəkarlıqda, bax, bu keyfiyyətlər özləri formalaşırlar.
Peşəkar necə peşəkar olur? Addım-addım, yolu keçə-keçə peşəkar oluruq. Yəni, peşəkarlıq keyfiyyətlərinə sahib çıxa bilirik. Heç kəs gözünü açıb, birdən peşəkar olmur. Elə insanlar var ki, onların bacarıqları ilahidən verilib. Amma hər halda əksəriyyət burada yolu gedə-gedə, yaralarını yol üstü müalicə edərək üstünü bağlaya-bağlaya professional olur. Ümumiyyətlə, bütün peşə adamları öncə çalışırlar özlərini ifadə etsinlər. Bu, jurnalistikaya da aiddir. Amma özünü ifadə etməkdən əvvəl sən gərək özünü formalaşdırasan. Bu prosesdə də, əlbəttə, tələskənliyə yol vermək olmaz. Qısa müddətə-4-5 ilə peşəkar olmaq olmaz.
- Türkiyə Prezidentinin Kommumikasiya İdarəsinin rəhbəri deyir ki, artıq dünyada dezinformasiya yox, informasiya müharibəsi gedir. Bu fikirlə razısınız?
- Bəli, belədir. Klassik jurnalistika böyük siyasətin qurbanına çevrilib.Bu gün mətbuatda dezinformasiya çoxluq təşkil edir. Həqiqət çatışmazlığı var. Dezinformasiya bəzi məqamlarda dəyəri çox böyük olan kontentdir. Amma bu o demək deyil ki, dezinformasiya daim yaşayacaq. Əminəm ki, dürüst, obyektiv informasiya həmişə dezinformasiyanı üstələyir. Bəzən bu, gec başa gələ bilər. Amma həqiqət dezinformasiyanı həmişə üstələyir.
Kənan Novruzov
11:29 10.07.2025
Oxunuş sayı: 973