Sevinclə suya girən insanların qəfil səssizliyi: Dənizin bizi "udmasından" necə qorunmalıyıq?

Yay gəldikcə insanlar çimərliklərə axışır. Qızmar günəşin altında parıldayan mavi üfüq, dəniz və onun sərinliyi bir nağıl kimi cazibədar görünür. Amma bu nağılın içində görünməyən bir reallıq var – dəniz gözəlliyinin arxasında təhlükə gizlənir. Hər yay eyni mənzərələr təkrar olunur: sevinclə suya atılan insanlar və... qəfil bir səssizlik. Təəssüf ki, bir çox boğulma hadisələrinin səbəbi diqqətsizlik və təhlükəsizlik qaydalarının pozulmasıdır. Bəs bu faciələrin qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev əhəmiyyətli məqamlara aydınlıq gətirib.
Ekspert bildirir ki, ilk və əsas qayda düzgün çimərliyi seçməkdir: “Çimərliyə gedərkən təhlükəsizlik hər zaman ön planda olmalıdır. İnsanlar yalnız fəaliyyətinə rəsmi icazə verilmiş çimərliklərə üz tutmalıdır. Bu ərazilər çimərlik mövsümündən əvvəl aidiyyəti qurumlar tərəfindən yoxlanılır, dənizin dibi, suyun keyfiyyəti, sanitar norma və tələblərə uyğunluğu araşdırılır. Əgər təhlükə aşkar olunarsa, həmin ərazilərdə çimərlik fəaliyyəti qadağan olunur. Əvəzində rəsmi icazəli çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində fəaliyyət göstərən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilasetmə xidməti təşkil olunur. Statistikaya görə, bu cür xidmətin olduğu çimərliklərdə boğulma hadisəsi qeydə alınmayıb. Bu isə o deməkdir ki, rəsmi, nəzarətli və xilasedicilərlə təmin olunmuş ərazilər daha təhlükəsizdir".
Onun sözlərinə görə, çimərliklərdə yalnız xilasetmə xidmətinin mövcudluğu yetərli deyil: "Vətəndaşlar da öz üzərlərinə düşən məsuliyyəti dərk etməli və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməlidirlər. Xəbərdaredici və məhdudlaşdırıcı nişanlara diqqət yetirmək lazımdır. Bu nişanlar boş yerə yerləşdirilmir. Həmçinin nəzərə almaq lazımdır ki, məhdudlaşdırıcı xətləri keçmək olmaz. Dərin sahələrdə uzun müddət suda qalmaq təhlükəlidir. Dəmir konstruksiyalara çıxaraq suya tullanmaq və spirtli içki qəbul edərək üzməyin qadağan olduğunu unutmamalıyıq. Uşaqları nəzarətsiz buraxmaq təhlükəlidir. Özünüzlə kiçik həcmli gəmi, katamaran və s. gətirib icazəsiz şəkildə suya buraxmaq risklidir".
Müsahibimiz bildirib ki, hava şəraiti də boğulma hallarının başlıca səbəblərindən biridir: “Əgər küləyin sürəti saniyədə 10–12 metri keçirsə, çimərliyə getmək olmaz. Dünya statistikası göstərir ki, boğulma hallarının 70%-dən çoxu əlverişsiz hava şəraiti ilə əlaqədardır. Eyni zamanda günün qaranlıq saatlarında suya girmək də qəti şəkildə qadağandır. Qaranlıqda həm xilasedicilər xidmət göstərmir, həm də görmə imkanları məhdudlaşır. Yay aylarının istisi və dənizin cazibəsi insanları özünə çəksə də, təhlükəsizlik qaydalarına əməl olunmadıqda bu gözəl istirahət ağır faciələrlə nəticələnə bilər. Boğulmaların qarşısını almaq üçün yalnız rəsmi çimərliklərə getmək, hava şəraitini nəzərə almaq, uşaqları nəzarətsiz buraxmamaq, xəbərdaredici nişanlara əməl etmək və hər zaman ayıq olmaq tövsiyə olunur. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmanlığa çevrilə bilər".
Mehriban Yariyeva
12:18 07.07.2025
Oxunuş sayı: 1142