“Əkinçi” qəzetini yaratmaq bir ideologiya uğrunda mübarizə idi...

Azərbaycan mətbuatının əsası 1875-ci il iyul ayında qoyulmuş və bu addımın banisi Həsən bəy Zərdabi olmuşdur.
O Həsən bəy ki, sözə könül, həyat verən, dar gündə qələmə sarılan Həsən bəy Zərdabi idi.
Onun başlatdığı yol tək mətbuatın başlanğıcı deyil, həm də maariflənmə üçün açılan ilk yol idi.
Zərdabinin qələmə aldığı ilk məqalə “Bakı salnaməsi. 26 fevral” adı ilə 1872-ci ildə rusdilli “Bakinski listok” qəzetində işıq üzü görmüşdür. Bu yazı, dövrünün sosial reallıqlarını əks etdirməklə yanaşı, müəllifin xalqının taleyinə olan dərin bağlılığını da ortaya qoyurdu. O gündən etibarən Həsən bəyin adı maarifçi və cəmiyyətin söz daşıyıcısı kimi anılmağa başladı.
Məqalədə Bakı şəhərində baş verən hadisələr, ictimai vəziyyət, gündəlik həyatın reallıqları qeyd edilir. Zərdabi yazıda tənqidi yanaşma ilə cəmiyyətin boşluqlarına diqqət çəkir, eyni zamanda insanları düşünməyə, maariflənməyə səsləyir. O həmçinin Bakı Realnı gimnaziyasında müsəlman şagirdlərin azlığından bəhs edir və kasıb müsəlman uşaqlarının təhsili üçün Xeyriyyə cəmiyyətinin vacibliyini vurğulayır.
Həsən bəy Zərdabi adını duyduğumuz anda ağıla ilk gələnlərdən də biri "Əkinçi"qəzetidi.
Ən böyük arzusu xalqı savadlı, ayıq, tərəqqipərvər görmək olan Həsən bəy, bu ideyasını reallaşdırmaq üçün 1875-ci il iyulun 22-də ilk azərbaycandilli qəzet olan “Əkinçi”ni nəşr etdirdi. Bu qəzet yalnız bir informasiya vasitəsi deyil, milli mətbuatımızın başlanğıcı oldu. “Əkinçi” sadə, anlaşıqlı dildə yazılırdı və əsas auditoriyası kəndlilər idi. Qəzetin əsas mövzuları isə kənd təsərrüfatı, maarif, elm , qadın hüquqları, sosial ədalət və dini fanatizmin tənqidi idi. Bu da Zərdabinin cəmiyyət üçün necə dərindən düşündüyünü sübut edirdi.
Həsən bəy Zərdabi bilirdi ki, xalqın tərəqqisi yalnız savadla mümkündür. Onun bu fikri “Əkinçi”nin hər nömrəsində hiss olunurdu. “Qəzet xalq üçündür”şüarı ilə hərəkət edən Zərdabi, təhsili, əxlaqı, insan münasibətlərini daim gündəmdə saxlayırdı. Ənənəvi ruhanilərin, savadsızlığın, xurafatın qarşısında açıq şəkildə dururdu. “Əkinçi”nin səhifələrində cəmiyyətin inkişafına xidmət edən çağırışlar, bəzən isə kəskin tənqidlər yer alırdı.
Həsən bəy bu qəzeti çox çətinliklərlə ərsəyə gətirmişdi. Onun üçün “Əkinçi” qəzetini yaratmaq sadəcə mətbu orqan açmaq deyildi, bu, bir ideologiya uğrunda mübarizə idi. O, bu yolda yalnız maarifçiliklə deyil, həm də ciddi sosial, siyasi və dini təzyiqlərlə üz-üzə qaldı.
İlk olaraq qəzetin nəşri üçün rəsmi icazə almaq o dövrün Çar Rusiyası şəraitində asan məsələ deyildi. Zərdabi uzun müddət məmur süründürməçiliyi ilə mübarizə apardı. İcazə verilsə də, qəzetin fəaliyyətinə daim nəzarət və senzura tətbiq olunurdu. Hər bir məqalə çapdan əvvəl yoxlanılır, narahatlıq doğuran yazılar ya dəyişdirilir, ya da ümumiyyətlə yayımlanmağa icazə verilmirdi. Bununla yanaşı Ruhani təbəqə qəzetin bağlanması üçün hökumətə təzyiqlər göstərir, Həsən bəyin fəaliyyətini “dini dəyərlərə zidd” hesab edirdi.
Zərdabi həm də maliyyə çətinlikləri ilə də üzləşirdi. Həmin dövrdə əldə etdiyi maaşıyla bütün bunlar çox çətin iş idi.
Təəssüf ki, bu qəzet uzunömürlü ola bilmədi. Cəmi 56 nömrə çıxmasına baxmayaraq, “Əkinçi” qəzetinin təsiri bir əsrə bərabər idi.
Lakin, "Əkinçi susdu, amma Zərdabinin səsi kəsilmədi!"
1877-ci ildə “Əkinçi” qəzetinin bağlanması Həsən bəy Zərdabinin maarifçilik mübarizəsinin sonu olmadı.
Zərdabi müəllimlik fəaliyyətinə qayıtdı. O, Bakı Realnı məktəbində dərs deməyə davam edərək gənclərin təhsilinə xüsusi önəm verdi. Eyni zamanda, müəllim kimi öz dərslərində şagirdlərinə yalnız bilik yox, vətənə, xalqa sevgi, maarifçilik ruhu aşılamağa çalışırdı.
"Əkinçi"nin bağlanmasından sonra Həsən bəy “Kaspi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”kimi dövrün digər mətbu orqanlarında da yazılarla çıxış etdi. Bu yazılar vasitəsilə o, əvvəlki mövzularını – cəhalətə qarşı mübarizə, qadınların maariflənməsi, elm və təhsilin əhəmiyyəti – geniş auditoriyaya çatdırırdı.
Yazdığı yazılarında, işlədiyi sahələrdə insanlara aşıladığı mövzular hər zaman elmə maarifçiliyə çağırış, torpağa, vətənə, el-obaya bağlılıq olmuşdur. Buna nümunə olaraq onun mətbu yazılarındakı sitatlarına nəzər yetirmək lazımdı.
“Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyək, oxşayaq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah, billah torpaq onun dilini bilənindir. Bizim torpaq—bizimdir!”
“İnsan atadan, anadan küsər, amma torpaqdan inciməz, ona bivec münasibət bəsləməz. Çünki sümüyü onun içində, qoynunda dinclik tapacaq.”
“Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin.”
“Ey elm təhsil edən cavanlarımız! ... Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər... Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti-qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız.”
Bu sitatlar Həsən bəy Zərdabinin maarifçilik ideyalarını və xalqına olan dərin bağlılığını əks etdirir.
O dövrün susqun səhifələrində xalqın səsi yox idi. Hər şey var idi, amma dil yox, fikir yox, maarif yox. Və bir gün sükutun içindən bir qələm danışdı. Sətirlərə səslər hopdu, fikirlər dil açdı. Bu qələmin sahibi Həsən bəy Zərdabi idi – bir xalqın oyanışına səbəb olan ilk söz ustası, ilk maarifçi mətbuatçı. Onun yazıları təkcə qəzet kağızlarında yox, bir millətin düşüncəsində iz saldı. Zərdabi sadəcə bir jurnalist deyil, o, xalqın vicdanını oyandıran, cəmiyyətin ağıl və ürəyini aydınladan bir işıqdir. Onun yazıları yalnız dövrünə təsir etmədi, həm də gələcək nəsillərə doğruya, ədalətə və maarifə olan bağlılığı təbliğ etdi. Həsən bəy Zərdabi, mətbuata xidmət etməyin, sadəcə sözlər vasitəsilə deyil, ürəklərə toxunaraq cəmiyyətin dəyişməsinə səbəb olmağın vacibliyini bizə öyrətdi. Jurnalist peşəsinə yiyələnən hər kəs isə həmişə mətbuatın gücünü, vicdanını və əxlaqını qoruyaraq, bu böyük irsə layiq olmağa çalışacaqdır.
Lamiyə Cənnətzadə
20:20 03.07.2025
Oxunuş sayı: 827