Yoxsul ölkələrdə yaşayanlar iqlim dəyişmələrinə daha həssasdır - AÇIQLAMA

İqlim dəyişikliyi son illərdə bəşəriyyətin qarşısında duran ən ciddi ekoloji problemdir. Sənayeləşmə, meşələrin qırılması, nəqliyyat vasitələrinin artması və fosil yanacaqların geniş istifadəsi atmosferə böyük miqdarda istixana qazlarının (əsasən karbon qazı və metan) buraxılmasına səbəb olur. Bu qazlar Yer kürəsinin istilik balansını pozur və orta temperaturun artmasına yol açır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Sevil Yüzbaşeva ilk olaraq bildirib ki, son illərdə müşahidə olunan kəskin temperatur dəyişiklikləri təkcə ölkəmizdə deyil, dünyanın hər yerində özünü göstərir:
“Ölkəmizdə yay iqlim hadisələri daha aktiv şəkildə baş verir. Bu kəskin temperatur dəyişikliklərinin bir çox səbəbi var. Bunlara atmosfer hadisələri, iqlim dəyişikliyi və insanların fəaliyyəti daxildir. Bəzi hallarda, temperatur dəyişiklikləri təbii amillərlə, məsələn, küləklərin istiqamətinin dəyişməsi və ya atmosfer təzyiqinin dəyişməsi ilə əlaqədar da baş verir. Daha geniş kontekstdə, iqlim dəyişikliyi qlobal miqyasda temperatur dəyişikliklərinin əsas səbəbidir. İnsan fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazları istiliyin Yer kürəsində qalxmasına səbəb olur və bu da temperaturun artmasına gətirib çıxarır. Son illərdə dünyada gedən müharibələrin də ciddi təsirləri vardır. Müharibələr raketlərlə aparılır ki, bu da atmosfer qatına təsir etməklə yanaşı, həm də onsuz da təmiz olmayan havanın kimyəvi çirklənməsinin artmasına səbəb olur. İqlim dəyişmələri, müxtəlif ölkələrin həm inkişafına, iqtisadiyyatına, habelə adi insanların həyat tərzinə təsir göstərir. İqlim dəyişmələri dünyanın bütün ölkələrində baş verir və hər kəsə təsir göstərir”.
Ekoloqun sözlərinə görə, dünyanın yoxsul ölkələrində yaşayan insanlar iqlim dəyişmələrinə daha həssasdır:
“İqlim dəyişiklikləri yağıntı normalarına, temperatur rejimlərinə və ekstremal hava hadisələrinin tezliyinə təsir etməklə bütün dünyada kənd təsərrüfatı sahələrinə əhəmiyyətli təsir edir və ciddi problemlər yaradır. Yağışların intensivliyinin artması və uzunmüddətli quraqlıqlar da daxil olmaqla, bu dəyişikliklər su qıtlığına və torpağın deqradasiyasına gətirib çıxarır, məhsulun böyüməsinə və məhsuldarlığına təsir göstərir. Temperaturun yüksəlməsi məhsulun inkişafını sürətləndirsə də, məhsuldarlığı azaldır, zərərvericilərin və xəstəliklərin yayılmasını artırır. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,3 °C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Qasırğalar, siklonlar və daşqınlar kimi ekstremal hava hadisələri əkinlərə və infrastruktura böyük ziyan vurur. Bu təsirləri azaltmaq üçün təkmilləşdirilmiş su idarəçiliyi, quraqlığa davamlı məhsul sortlarının istifadəsi və torpağın mühafizəsi təcrübələri kimi uyğunlaşma tədbirləri vacibdir. İqlim dəyişikliyinin yaratdığı problemləri həll etməklə daha davamlı kənd təsərrüfatı sistemləri qurmaq olar və bununla da insanları gələcəkdə gözləyən ərzaq qıtlığının qarşısını almaq və qida təhlükəsizliyini təmin etmək olar. Bu sahədə ətraf mühitlə bağlı ciddi maarifləndirmə aparılmalı, müvafiq təhsil proqramları və kurslar təşkil edilməlidir. Maarifləndirmə hər kəslə, uşaqdan böyüyə qədər, aparılmalıdır. İctimaiyyətin ekoloji maarifləndirilməsinin artırılması zamanı isə diqqəti ekoloji problemlərə cəlb etmək lazımdır. Yaxşı olar ki, uşaqların və gənclərin maarifləndirilməsi təbiət ərazilərində müxtəlif maarifləndirici ekoloji oyunlar vasitəsilə aparılsın. Ölkəmizdə müxtəlif profilli iqlim mütəxəssislərinin hazırlanmasına da böyük ehtiyac vardır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ekoloji maarifləndirmə sosial inkişafın mühüm istiqamətidir”.
Nəzrin Salmanova
15:05 26.06.2025
Oxunuş sayı: 9045