İran NATO-ya od püskürdü: “Zülmə tərəfdar olanın namusu yoxdur!”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NATO-nun baş katibi Mark Ruttenin ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik mesajına sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Bəqayi “X” hesabında yayımladığı açıqlamada NATO rəhbərinin ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatı “həqiqətən fövqəladə” adlandırmasını beynəlxalq hüquqa zidd, “utancverici, nifrət doğuran və məsuliyyətsiz” bir yanaşma kimi qiymətləndirib.
“Zülmə və haqsızlığa tərəfdar olan şəxsin namusu yoxdur. Cinayəti dəstəkləyən şəxs həm şərik, həm də cinayətin məsuliyyətini daşıyan tərəfdir”, – deyə İran rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl sosial hesabında NATO-nun Baş katibi Mark Ruttedən aldığı təbrik mesajının ekran görüntüsünü yayımlayıb. Mesajda Rutte Trampı İranda həyata keçirilən hərbi əməliyyata görə təbrik edir və bu addımın “hamını daha təhlükəsiz hiss etdirdiyini” bildirir.
Tehran isə sözügedən təbriki suveren bir dövlətə qarşı zorakılığın təşviqi, beynəlxalq hüququn pozulması və qlobal münasibətlərə mənfi təsir göstərən məsuliyyətsiz mövqe kimi dəyərləndirib.
23:14 25.06.2025
Oxunuş sayı: 895