1971-dən bəri bir ilk: Britaniya təyyarədaşıyanı Hind-Sakit okeanda təlimlərə qatılacaq

Böyük Britaniyanın Kral Donanmasına məxsus HMS Prince of Wales təyyarədaşıyan gəmisi, 1971-ci ildən bəri ilk dəfə Hind-Sakit okean regionunda keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, Britaniya gəmisi bölgədəki yerləşmə planı çərçivəsində artıq Sinqapura çatıb. Gəmi Avstraliya, Yaponiya və Koreya kimi ölkələrə səfər edəcək və çoxmillətli hərbi təlimlərdə iştirak edəcək.
Sentyabr ayında isə gəmi Avstraliya, Malayziya, Yeni Zelandiya, Sinqapur və Böyük Britaniya arasında 1971-ci ildə imzalanan “Beş Güc Müdafiə Təşkilatı” (Five Power Defence Arrangements – FPDA) çərçivəsində keçirilən illik hərbi manevrlərə qatılacaq. Bu, Britaniya təyyarədaşıyanının həmin təlimlərdə 50 ildən sonra ilk iştirakı olacaq.
HMS Prince of Wales gəmisinin bölgəyə gəlişi, Çin Xalq Azadlıq Ordusuna məxsus iki təyyarədaşıyan gəminin bölgədə eyni vaxtda hərbi təlimlər keçirməsindən bir neçə həftə sonraya təsadüf edir.
Çin Müdafiə Nazirliyi bildirmişdi ki, Çin təyyarədaşıyanları döyüş donanmaları ilə birlikdə Qərbi Sakit okean və ətraf sularda təlimlər keçirib. Yaponiya hökuməti də bu ay Çin donanmasına məxsus iki gəminin ölkə yaxınlığında müşahidə edildiyini açıqlayıb.
Mədinə Cəlilova
21:30 25.06.2025
Oxunuş sayı: 517