Ukrayna “Sapsan” adlı yeni ballistik raketini istifadəyə verdi

Ukrayna ilk dəfə olaraq öz istehsalı olan “Sapsan” əməliyyat-taktiki ballistik raketindən istifadə edib. Bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak The Times qəzetinə verdiyi müsahibədə məlumat verib.
Yermakın sözlərinə görə, raket may ayında Rusiya ərazisində yerləşən hərbi hədəfə atılıb və təxminən 300 km məsafədəki məqsədi uğurla vurub. Lakin zərbənin dəqiq yeri və hədəfi açıqlanmayıb. O bildirib ki, artıq raketin seriyalı istehsalına start verilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sapsan” raketi 480 kq-lıq döyüş başlığına malikdir və onun maksimal mənzili 500 km-ə qədər çatır. Bu göstəricilər Ukraynanın müdafiə sənayesinin inkişafında əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.
“Sapsan raketi ilə Moskvaya zərbə endirmək mümkündürmü?” sualına cavab olaraq isə Yermak diplomatik şəkildə bildirib: “İşlər çox yaxşı gedir. Düşünürəm ki, düşmənlərimizi bir çox hallarda təəccübləndirəcəyik.”
Ekspertlər hesab edir ki, “Sapsan” raketinin tətbiqi Ukraynanın müdafiə imkanlarının artırılması ilə yanaşı, Rusiya üçün də ciddi xəbərdarlıqdır. Hərbi analitiklər bu raketin Ukraynanın strateji hücum potensialına mühüm töhfə verəcəyini bildirirlər.
14:20 25.06.2025
Oxunuş sayı: 501